Vaxt.Az

Siyasi “impotent”lər ...


 

İndi “çəhrayı eynək”lərin zamanı deyil...

Siyasi “impotent”lər ... Belə bir film var - “Peacemaker”. Yəni ki, “Sülhyaradıcı”. Bu filmin baş qəhrəmanı Ann Mari BMT-də çıxışı zamanı deyir ki, “mən Avropalı olmağıma görə xəcalət çəkirəm, Finlandiyanı təmsil etdiyimə görə utanıram”.


Yazının əvvəli


Maraqlıdır, Ann Mari nədən utanır, nə üçün xəcalət çəkir? Ona görə ki, onun ölkəsi - Finlandiya və özlərini demokratik adlandıran digər Avropa ölkələri PKK kimi terrorçu təşkilatları dəstəkləyir, Səudiyyə Ərəbistanı kimi qanlı rejimlərə silah satır, münaqişə ocaqları yaradırlar. 

Eyni ittiham Fransaya da aiddir. Fransa Senatında ötən gün Azərbaycana qarşı qəbul olunan əsassız, ədalətsiz və əxlaqsız qətnamədən sonra əslində hər bir ədalətli, vicdanlı fransız (əlbəttə, əgər Fransada belələri hələ də varsa...) Fransa vətəndaşı olduğuna görə xəcalət hissi keçirməli, Makron kimi psevdo-liderin idarə etdiyi ölkədə yaşadığına görə utanmalıdır. 

Hərçənd ki, bu da bir az utopik görünür. 

Çünki hazırkı Fransa bir zamanlar mənəvi dəyərlərə görə, azadlıq ideyalarına görə, bəşəriyyətin xoş gələcəyi naminə küçələrə çıxan, Sorbonna Universitetini etiraz mərkəzinə çevirən beynəlmiləlçi, idealist, azadlıqsevər fransızların yox, yalnız öz sosial problemlərinin həlli üçün küçələrə axışan, vitrinləri dağıdan, avtomobilləri yandıran müasir vandalların, “sarıjiletlilər”in ölkəsidir. 

Bunu dünən 295 senatorun xüsusi həyasızlıqla qəbul etdiyi qətnaməyə bu gün o boyda Fransada cəmi ikicə nəfərin – Natali Qulenin və Lambert Jeromun öz etirazını bildirməsi də bir daha təsdiqləyir. Vəssalam, bu iki nəfərdən başqa 67 milyonluq fransız toplumunda kimsənin vicdan və ədalət carçısı kimi sinəsini qabağa verib senatorların haqsız qərarına öz etiraz səsini ucaltdığını görmədik, eşitmədik. 

Hətta bir çoxlarımızın Fb dostluğunda olan fransız tarixçi Maxime Gauin də bu xoşagəlməz hadisəyə heç bir reaksiya vermədi, səssiz qaldı...

Məgər bu da mı bizə heç nə demir?

Biz fransızları bizə olduqları kimi deyil, fərqli rəngdə göstərən “çəhrayı eynək”lərdən nə zaman imtina edəcəyik? Tarixdən bu günümüzə əslində bir deyil, iki Fransanın mövcud olduğunu nə zaman qəbullanacayıq?

Bizim ən böyük səhvimiz budur ki, 31 ildir müstəqil olsaq da və bu illər ərzində Fransadan özümüzə qarşı davamlı olaraq yalnız pisliklər görsək də, lakin hələ də Fransaya və fransızlara Volterin, Hüqonun, Rene Dekartın, Molyerin, Aleksandr Dümanın, Stendalın, Andre Moruanın, Alber Kamyunun, Jan-Pol Sartrın, Şarl de Qollun ölkəsi kimi baxırıq... 

Lakin o Fransa artıq yoxdur! 

Ötən əsrin 60/70-ci illərinin ən məşhur fransız intellektuallarından biri, Fransanın Əlcəzairə qarşı müstəmləkəçi, Vyetnama qarşı imperialist siyasətinə görə, ABŞ-ın Kubaya soxulmasına, SSRİ-nin Praqaya qoşun yeritməsinə görə fransızları küçələrə çıxaran, dünyanı ayağa qaldıran, etiraz əlaməti olaraq “Fəxri Legion” ordenindən və hətta Nobel mükafatından imtina edən əfsanəvi filosof-yazıçı, esseist Jan-Pol Sartr bu gün sağ olsaydı yenə də Parisin küçələrini, meydanlarını insan selinə təslim edər, Emmanuel Makronun imicini yerlə bir edən, senatorları yıxıb-sürüyən alovlu çıxışları ilə Fransanın şər siyasətinə sərt etirazını bildirərdi. 

Lakin gördüyümüz və bildiyimiz kimi indi belə azman “ŞƏXSİYYƏT”lər, böyük “KİŞİ”lər yoxdur. 

İndi nə fransız anaları sartrlar və kamyular doğur, nədəki fransız cəmiyyəti Alber Kamyu, Jan-Pol Sart kimi bəşəri ədalət keşikçilərini yetişdirə bilir. 

Bugünkü fransız cəmiyyəti olsa-olsa Nikola Sarkozi, Fransua Olland, Emanuel Makron kimi “karlik”ləri, düdükləri, siyasi “impotent”ləri yetişdirir. Bunu mən demirəm e, Henri Kissincer deyir. 

Hazırkı fransız cəmiyyəti Valeri Pekress kimi, Marin L Pen kimi, Erik Lemmur kimi qatı ermənipərəstləri, irqçiləri, türkofobları bəsləyib siyasi vitrinə soxuşdurur. 

Bugünkü fransız siyasi mühiti erməni əsilli fransız milyarderlərin ofislərini su yoluna döndərən, o milyarderlərin əlini sıxmaq, “qonorar”ını almaq üçün növbəyə düzülən 295 nəfər satqın senatorun qətnaməsinə boyun əyir. 

Bugünkü fransız nazirləri erməni lobbisindən it kimi qorxur. 

Çünki bu lobbi təkcə nazirləri və senatorları dollar və avro ilə şirnikləndirmir. Erməni lobbisi həm də şantajçı lobbidir. Çünki bu lobbinin arxasında həm də erməni terror qüvvələri dayanır. Bugünkü Fransa liderlərini və parlamentarilərini dizə gətirən, zəlil günə qoyan da həm də bu amildir. 

Alber Kamyuların, Jan-Pol Sartrların Fransasından fərqli olaraq bugünkü Fransa sözün tam mənası ilə vəhşi “KAPİTAL”a və vəhşi “GÜC”ə təslim olub. Və bu kapitalı da, bu gücü də əsas etibarilə erməni kimliyi təmsil edir. 

Senatorların başının altından belə bir erməniyönlü qətnamənin çıxması da ilk növbədə məhz bu amildən qaynaqlanır. 

Odur ki, biz 21-ci əsrin Fransasına və fransız liderlərinə 20-ci əsr insanının pəncərəsindən baxmamalıyıq...

Əgər bu cür baxmağa davam edəcəyiksə, hər yeni dönəmdə təkrar-təkrar yanılacaq, yaralanacaq, peşman olacağıq. Fransa Senatının və Milli Assambleyasının hər növbəti anti-Azərbaycan həmləsindən sonra hamımız kütləvi surətdə əsəbləşəcək, xəyal qırıqlığı yaşayacağıq və Makrona söyəcəyik. 

Bu halın tsikl şəklində təkrar-təkrar baş verməsini, yaşanmasını istəmiriksə, dövlət olaraq da, millət olaraq da artrıq Fransaya, fransızlara qarşı münasibətimizi dəyişməliyik. 

Fransa və fransızlarla bağlı 19-20-ci əsrlərdə formalaşmış stereotiplərdən, klişelərdən əl çəkməyimizin əsl vaxtıdır. 

Bununçün nə etməliyik?

Dəyişməliyik!

Soyuqqanlı olmalıyıq!

Gerçəkçi olmalıyıq!

Böyük dövlətlərin nə vaxtsa ədalətli olacağı ilə bağlı xam xəyallar qurmamalıyıq!

Fransadan nə bu gün, nə də sabah ədalət gözləməməliyik! Necə ki, daha nə İrandan, nə Rusiyadan, nədəki ABŞ-dan ədalət gözləmirik...

Yeri gələndə, Fransanı və ya istənilən digər ölkəni boykot etməyi də bacarmalıyıq!

Və onu da bilməliyik ki, toplumlar da insanlar kimidir...

Necə ki, insanlar həyatlarının müxtəlif mərhələlərində dünyaya baxışlarını, insanlara münasibətlərini, siyasi mövqelərini zamanın və yaşın diktəsi ilə dəyişir, xalqlar da eynilə bu qayda ilə siyasi zövqlərini və dəblərini zaman-zaman dəyişə bilirlər. Biz bunu fransız xalqının da timsalında əyani görürük. 

Ötən əsrin sonlarında tolerant və multikultural cəmiyyət təsiri bağışlayan fransız cəmiyyəti bu gün irqçiliyə, faşizmə, millətçiliyə doğru meyllənir. Son prezident seçkilərində Erik Lemmur kimi neofaşistə, türkofoba və islamofoba dəstək verən yüzminlərlə, milyonlarla fransızın emosional planda davranışları da bu fikrimizi təsdiqləyir. 

Bu isə onu göstərir ki, tsikl təkrarlanır. Fransa yenidən özünün “uşaqlıq” dövrünə - ötən əsrin 30-40-cı illərindəki faşizm ab-havasına, hitlerçi Filip Peten reallıqlarına geri qayıdır. Yeganə fərq isə ondadır ki, Peten Fransası alman faşizminə təslim olmuşdu, Makron Fransası isə erməni faşizmi ilə “nikah”a girir...

Yazının davamı

 





17.11.2022    çap et  çap et