Əlbəttə, bu qətnamə ilə Fransa hakimiyyətinin hesabladıqları, bizə vurmaq istədiyi zərbələr alınmayacaq. Ancaq biz bunun faciə olmadığını bildiyimiz kimi, sıradan bir hadisə olaraq da qiymətləndirmirik təbii. Təbii, bu əsassız, qərəzli qətnamənin, ədalətsizliyin məsuliyyəti onu qəbul edənlərin və onların ilhamçısı Prezident Makronun üzərindədir. Əslində, burada məsuliyyət yox, məsuliyyətsizlik sözü yerinə düşür. Təsəvvür edin: BMT Təhlükəsizlik Şurasının daimi üzvü, Avropa İttifaqının qurucu üzvü, keçmiş də olsa, ATƏT-in Minsk qrupunun həmsədri olan bir dövlətin qanunverici orqanı belə bir məsuliyyətsizliyi özünə rəva görür. Bu, beynəlxalq hüquq normalarına açıq-aydın saymamazlıqdır. Bu, beynəlxalq nizamın necə bir təhlükə ilə üzbəüz qaldığını göstərir. Özü təhlükə mənbəyi olan dövlətə sülhyaratma missiyası, təhlükəsiz dünya qurma (və yaxud təhlükəsizliyi qoruma) səlahiyəti etibar etmək olarmı?
Bəli, Fransa Senatı beynəlxalq hüquqa, ədalətə, təhlükəsiz dünya dəyərlərinə və bunlardan öncə öz seçicilərinə sayğısızlıq nümayiş etdirib. Özü də bu sayğısızlıq ilk deyil, təəssüflər ki, son da olmaya bilər. Fransız seçicisi düşünməlidir: Senat dövlətin, xalqın maraqlarını mənasız, xeyirsiz və etibarsız erməni lobbisinə nə üçün qurban verir? Fransa qanunvericiləri nə demək istəyir? – Onlar müharibəni, işğalı, separatizmi, terrorumu dəstəkləyir? Fransa Xocalı Soyqırımını törətmiş dövləti hansı əsas, hansı zərurət, hüquq və mənəviyyatla dəstəkləyir?
Vurğuladığımız kimi, Fransa Senatı iki il bundan öncə 25 noyabr 2020-ci il də, Fransa Milli Assambleyası isə 03 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının əleyhinə qətnamə qəbul edib. Fransa konstitusiyasına görə xarici siyasət, təhlükəsizlik, müdafiə məsələləri parlamentin deyil, birbaşa hökumətin və icraedici hakimiyyətin rəhbəri olaraq Prezidentin səlahiyyətinə aiddir və deməli, qanunverici orqanın qətnaməsi son instansiya qərarı deyil. Lakin bu sənədlərin Makronun dövründə qeyri-sağlam siyasi mühitlə tam təmin olunmuş Yelisey Sarayından gələn tezislər əsasında hazırlanan qətnamələr olmadığına kim zəmanət verə bilər? O zaman belə çıxır ki, Fransa hakimiyyəti, şəxsən Prezident Makron öz seçicilərinin hüquq və mənafelərini Fransa və dünya erməniliyinin, biləvasitə Ermənistanın, bəlli diaspor və lobbi güclərinin göstərişlərinə qurban verir. Məgər Fransa Ermənistandan asılıdır? – Təbii, yox. Heç Ermənistan da Fransadan asılı deyil – Ermənistanın ən az Fransa qədər bağlı olduğu başqa dövlətlər, mərkəzlər var. Və həmin dövlətlər, mərkəzlər Fransadan daha artıq vədlərlə çıxış etsə, onların yanına qaçacaq. Erməni etibarsızlığı müzakirə mövzusu deyil, danılmaz faktın özüdür. Beləliklə, Makronun sarayı Avrasiyada, ümumən dünyada dinc yanaşı yaşamaq imkanlarına növbəti zərbə vurmuş oldu. Fransa tam əsassız, perspektivsiz iddialar və “super derjava” eqosu ilə müstəqil Azərbaycan Respublikasına qarşı çirkin siyasi-diplomatik təzyiq göstərir. Ancaq keçməz! Öz ərazisini işğalçılardan təmizləyən bir dövlətə qarşı çıxmaq, Fransadan çox-çox uzaqlardakı coğrafiyada normallaşma prosesinə zərbə vurmaq yaramazlığı, hüquqtanımazlığın ta özüdür. Yelisey Sarayı bununla siyasi terror törədən və sahədə terrora dəstək verən ünvana çevrilir. Yeliseyin siyasi iqlimini gərgin saxlamaqda olan Makron, bu hərəkətləri ilə beynəlxalq hüququ pozmaq işinə qanunvericiləri də şərik etdi. Özünə hörmət qoyan, parlament ənənələrinə hörmət qoyan, xalqının mədəniyyətinə hörmət qoyan heç kəs elə bədnam qətnaməyə səs verməməliydi. Belə çıxır ki, Senatda Natalya Quledən başqa ədalətli insan yoxdur. Çox təəssüflər. Fransa ziyalıları, fransız mədəniyyət-sənət xadimləri, ümumən fransız xalqı parlamentlərinin düşdüyü acınacaqlı durumu saf-çürük etməlidir hər halda...
Xüsusi vurğulayaq ki, Fransa qanunverici orqanı bu ölkənin Azərbaycanla imzaladığı sənədə - yəni öz üzərinə götürdüyü hüquqi, siyasi öhdəliklərə böyük sayğısızlıq edib. Senatın Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə, 2020-ci ildə qəbul edilən digər bədnam qətnamələr iki dövlət arasında 20 dekabr 1993-cü ildə imzalanan “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə”yə daban-dabana ziddir.
Fransa respublikamıza qarşı yalnız siyasi və hüquqi ayrı-seçkilik, təkləmə siyasət yürütmür. Paytaxt Paris başda olmaqla, Fransada yaşayan radikal erməni qruplarının Azərbaycan Səfirliyinə qarşı təkrarlanan hücumları və yerli asayiş keşikçilərinin, müvafiq orqanların bunun qarşısını almaması onların vandalizmi himayə etməsini, Azərbaycana açıq düşmənçiliyi bir daha sübut edir. Bu isə Yelisey Sarayının “Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası” üzrə beynəlxalq öhdəliklərini yerinə yetirməməsini göstərir.
Bundan sonra Fransanın beynəlxalq hüquqdan, təhlükəsizlikdən, sülhdən, anlaşmadan danışması sabun köpüyündən başqa bir şey olmayacaq. Artıq hansı dövlət Fransaya inanar? Ümumən Emmanuel Makronun hakimiyyətə gəlişindən sonra Fransada respublikaçılıq, azadlıq, demokratiya, multikulturalizm dəyərləri aşınmaya məruz qalıb. Bu ölkə soyqırımlar keçmişinə qayıdır sanki – Əlcəzair başda olmaqla, Afrikada, digər coğrafiyalarda amansız qətliamlar, soyqırım aktları törətmiş Fransada irqçi, antisemit, eləcə də, türkofob, islamofob, konkret olaraq, Azərbaycanfob halların artması gözləniləndir, əslində. Bir ölkənin ki hakimiyyəti fundamental dəyərlərə arxa çevirə, ikilistandartlar tətbiqinin ustası ola, onlardan işıqlı, ədalətli nə gözləmək olar?
Rəsmi Paris məlum qətnamə ilə Fransa tarixindəki çoxsaylı cinayətlərə daha birini əlavə etdi. Emmanuel Makron çağdaş dünyanı Fransanın yaxın keçmişdə törətdiyi bəd əməllərə, riyakarlıqlara, soyqırım aktlarına bir daha nəzər salmağa təhrik edir. Makron da, Senat da sübut etdi ki, Fransa tarixdə heç vaxt ədalətli, demokratik, humanist dövlət olaraq qalmayacaq. Ədalətdən, humanizmdən yoxsun dövlət necə “super derjava” ola bilər?.. – Tarix boyu günahsız insanların qanını axıdan, vicdanı ləkəli dövlətin, Fransadan çox uzaqlarda yerləşən, multikultural, humanist Azərbaycan Respublikasını humanitar hüququ pozmaqda, müharibə cinayətlərində ittiham etməsi bağışlanmaz riyakarlıqdır. Sivilizasiyalar və mədəniyyətlərarası dialoq ünvanı olan, insanların milliyyətindən, dinindən, adət-ənənəsindən asılı olmayaraq, mehriban və yanaşı yaşadığı bir ölkəni suçlamaq üçün ya monoetnik Ermənistan olmalısan ya da Ermənistanın böyük bacısı... Məsələn, Bakıdakı Hərbi Qənimətlər Parkının açılmasını ermənilərə qarşı təhqiredici əlamət olaraq dəyərlədnirən Fransanın paytaxtı Parisdəki “İnsan muzeyi”ndə müstəmləkə müharibələrində öldürülən 18000 (!) döyüşçünün kəllə sümükləri saxlanılır. Təhqiredici əlamət necə olur? – Özün işğalçı ola-ola, işğala məruz qalanda əlamət axtaracaqsan?
Bir sözlə, Emmaunel Makron Fransa Respublikasının perspektivini ermənilərə satdı. Qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın sözləri ilə desək, “Dünya beşdən böyükdür” və Makron prezidenti olduğu ölkəni o beşlikdən və böyüklükdən çıxdaş etmək üçün çalışır. Bəlkə də, İlahi ədalətin təntənəsinin görməyə lap az qalıb. Çanaq Fransanın öz başında çatlayacaq. “Hər halda dünyada haqq var və o, haqq qüvvətdən yüksəkdir”! (M.K.Atatürk).