Vaxt.Az

Üç roman və “525-ci qəzet” ...


 

... Yaxud ədəbiyyatın qan qardaşı

Üç roman və “525-ci qəzet” ... Tələbəlik illərimdə böyük zövqlə oxuduğum, sehrindən bir neçə müddət çıxa bilmədiyim romanlardan biri də Rey Bredberinin “Farengeytlə 451 dərəcə” romanı idi.

Bu romanda qəribə bir gələcək təsvir olunurdu. Bu qəribə gələcəkdə yanğınsöndürənlərin funksiyası dəyişib, onlar təlimat üzrə konkret ünvanlara gedib kitabları müsadirə edir, toplayıb yandırırlar. Həmin romandakı bir dialoqu bu gün də xatırlayıram, təxminən belə:

– Deyəsən işlər kasaddır?

– Hə, dünən Dostoyevskini yandırmışıq, bu gün Folkneri...

Bredberinin baş qəhrəmanı Qay  Monteq bir gün yandırmalı olduğu kitablardan birini xəlvətcə oğurlayır və Orxan Pamuk demiş, “bir gün bir kitab oxuyur və bütün həyatı dəyişir”. Bundan sonra o daim “iş vaxtı” kitab oğurlamağa başlayır və get-gedə adı qara siyahıya düşür. Monteq sonda öyrənir ki, şəhərdən aralıda, meşənin içində “kitab cinayətkarların”dan ibarət bir qrup yaşayır və gedib onlara qoşulur. Meşədəki bu alternativ cəmiyyətdə hər adam bir kitabı əzbər bilir və bu adamlar öz adlarından imtina edib əzbər bildikləri müəllifin adını götürüblər. Birinin adı Stendal olub, birinin adı Tolstoy, bir başqasının adı Kafka...

“525-ci qəzet” ədəbiyyatla qan qardaşıdır. O, müstəqillik tariximizdə yeganə qəzetdir ki, bədii sözün ikinci, üçüncü plana düşdüyü, ən ağır, ən ümidsiz günlərdə belə öz səhifələrində bacardığı qədər ədəbiyyata sığınacaq verib. “525-ci qəzet”in redaksiyasında elə adamlar var ki, onlar hərəsi Bredberin qəhrəmanları kimi, ən azı bir kitabın, bir müəllifin əvəzsiz dünyasını ürəklərinə köçürüblər. 

Çağımızın böyük romançısı Salman Rüşdünün “Gecəyarısı uşaqları” adlı məşhur romanının təhkiyəçisi Hindistanın müstəqillik günündə dünyaya gəlib və mistik şəkildə onun sonrakı bütün həyatı ölkəsinin taleyi ilə kəsişir. Onun həyatı vətəninin taleyinə, vətəninin aqibəti onun həyatına təsir edir. Mənim nəzərimdə, müstəqillikdən bircə yaş kiçik olan “525-ci qəzet” də belədir. Əgər “525-ci qəzet”in ilk sayından bu günə qədərki sayları vərəqlənsə, orda həm ölkəmizin, həm də jurnalistikamızın keçdiyi yol bütün çalarları ilə ən aydın şəkildə görünəcək.

Bizdə çox da tanınmayan amerikalı yazıçı Con Bartın “Üzən opera” adlı bir romanı var. “Üzən opera” bir çayda tamaşa göstərən gəminin adıdır. Kitabdakı hadisələr qismən həmin gəmidə baş verir, amma əsas məsələ bu əsərin həyatımızla bağlı çox incə məqamlara eyham vurmasıdır. Təsəvvür eləyin ki, bu gəmi heç vaxt lövbər atmayacaq, çayın axını ilə gah aşağı, gah yuxarı sürüklənəcək, tamaşaçılar isə çayın hər iki sahilində oturub tamaşaya baxacaqlar. Gəmi yanlarından keçəndə göstərilən tamaşanın həmin vaxt hansı parçasıdırsa, ancaq onu görəcəklər, sonra isə bezib getməyiblərsə, tamaşanın başqa bir hissəni görmək üçün axının gəmini geri qaytarmasını gözləyəcəklər. Tamaşanın iki fərqli parçası arasındakı boşluğu doldurmaq üçün fantaziyalarını işə salmağa məcbur olacaqlar...Əslinə qalsa, çox vaxt nə baş verdiyini başa düşməyəcəklər, ya da bilməsələr də, bildiklərini düşünəcəklər. Deyəsən, həyat da belədir axı: dostlarımız, sevdiklərimiz, doğmalarımız axınla gözümüzün qabağından keçir, onlarla anlıq fraqmentlərdə üz-üzə gəlirik, amma axın onları aparır və bizə ancaq təsəvvürlər qalır. Axın onları təzədən yanımıza gətirəndə, ya dostluğumuzu yeniləyirik, ya da görürük ki, artıq bir-birimizi anlamırıq.

Bu üzən həyat operasında axın “525-ci qəzet”lə bizi nə vaxt görüşdürübsə, bir-birimizi başa düşmüşük, bəzən sözlərlə, bəzən isə sükutla...

 





17.11.2022    çap et  çap et