Vaxt.Az
«Ermənistanın «soyqırım» sənayesi»
Əgər belə bir fakt olsa idi...
Bu gün Ermənistanda və dünyanın bəzi ölkələrində hər il ənənəvi olaraq erməni lobbisi tərəfindən keçirilən qondarma "erməni soyqırımı"nın anım mərasimi qeyd olunur. Heç şübhəsiz ki, bu il də Ermənistan və erməni lobbisi "faciənin" miqyasının dünyaya çatdırılması üçün ciddi şəkildə təbliğat işlərinə başlayıblar.
Erməni lobbisinin ciddi səyləri nəticəsində dünyanın bəzi ölkələrində Türkiyədəki 1915-ci il hadisələri kortəbii olaraq soyqırımı kimi qəbul edilsə də, Ermənistan və erməni lobbisinin əsas hədəfi hadisələrin Türkiyə tərəfindən soyqırımı kimi qəbul edilməsidir.Lakin Ermənistanın bu hədəfi xəyaldan başqa bir şey deyil.
Digər tərəfdən təcrübə göstərir ki, Ermənistanın və erməni lobbisinin hər il gündəmə gətirdiyi saxta "soyqırım" bir çox ölkələrdə yalnız və yalnız seçkiqabağı reytinq qazanmaq üçün istifadə edilən alətlərdən biridir.
Digər maraqlı faktlardan biri də Türkiyə rəsmilərinin dəfələrlə Ermənistana 1915-ci hadisələrinin araşdırılması üçün arxivlərin açılmasına razılıq verməsinə baxmayaraq, Ermənistan hakimiyyətinin hələ də bu təklifə müsbət rəy bildirməməsidir.
Bu yaxınlarda Türkiyənin Baş nazirinin müavini Bülənt Arınç Ankaranın 1915-ci il hadisələrinin araşdırılması üçün bütün arxivlərin açılmasına razı olduğunu, lakin Ermənistan rəsmilərinin bu təklifə hələ də cavab vermədiklərini bildirdi.
Bundan əlavə, Türkiyə rəsmiləri dəfələrlə Ermənistanla və digər dövlətlərlə 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq tarixi komissiya təşkil etməyə hazır olduqlarını bəyan ediblər.
Ermənistanın bu təklif qarşısında hələ də susması isə məntiqi olaraq onu söyləməyə əsas verir ki, 1915-ci ildə ermənilərin Türkiyə ərazisində guya soyqırımına məruz qalmaları iddiadan başqa bir şey deyil. Ən azından ona görə ki, əgər belə bir fakt olsa idi, Ermənistan Türkiyənin təkliflərini qəbul edərdi.
Lakin 1915-ci hadisələrini araşdırarkən ermənilərin iddialarının əksinə olaraq, Türkiyədə yerli müsəlmanlara qarşı ermənilərin bütün vasitələrlə etnik təmizləmə apardıqlarını görmək olar.
İrəvanın Ankaranın təkliflərini qəbul etməməsinin səbəbləri bununla bitmir. Başlıca səbəblərdən biri də Ermənistan hakimiyyətinin müstəqil siyasət yürüdə bilməməsidir.
Şübhəsiz ki, bu gün Ermənistan hakimiyyəti Türkiyəyə yönəlmiş siyasətində dünyadakı erməni lobbisindən asılı vəziyyətdədir və Ankaraya qarşı yürüdülən siyasət saxta "soyqırım" iddiaları ilə qidalanan erməni lobbisinin ayaqda qalması üçün edilir.
Türkiyə arxivlərinin açılması isə saxta "soyqırım" iddialarından yararlanan erməni lobbisinin mahiyyətini anlamsız edəcək.
Bu isə bu gün iqtisadi böhran içində boğulan və heç bir ciddi iqtisadi potensiala sahib olmayan Ermənistan üçün ciddi maliyyə dəstəyinin itirilməsi deməkdir.
Ermənistanın 1915-ci il hadisələrini dünyaya "soyqırım" kimi tanıtmaq istəyinə isə "soyqırım" sənayesindən başqa bir ad vermək mümkün deyil.
24.04.2013 çap et