Vaxt.Az

Müharibə bitir


 

Ukraynanı qaza gətirdilər, Rusiyanısa oyuna

Müharibə bitir Artıq ilin sonuna az qalsa da, Rusiya-Ukrayna müharibəsi aktiv fazadan nəinki çıxmır, əksinə hər gün daha gərgin vəziyyətin şahidi oluruq.

 

Savaş birdən dayanacaq

 

İki gün əvvəl axşam saatlarında Polşa ərazisinə iki raket zərbəsi bu gərginliyin pik nöqtəsi olmağa çox yaxın olsa da, bütün ehtimallar Üçüncü Dünya Müharibəsinə səbəb olacaq həmin hadisənin məhz bu məsələ ilə xatırlanacağına hesablansa da, val dəyişdi.

Çünki bu raket zərbəsinin məhz Rusiya tərəfindən atıldığı iddiaları az qala faktlarla təqdim olunmağa belə hazır vəziyyətə gətirilmişdi. Lakin Qərb məsələdə fərqli mövqe nümayiş etdirdi. İddia edildi ki, bu raketlər Ukrayna hava hücumundan müdafiə sisteminə məxsusdur.

Ukrayna rəhbərliyi insidentin ilk dəqiqələrindən etibarən Rusiyanı günahlandırmasına rəğmən ABŞ və Polşa prezidentləri Polşa ərazisinə düşən raketlərin Ukraynaya məxsus olduğunu iddia etsə də, Ukrayna prezidenti bu iddianı təkzib edib. Zelenski çıxışında hətta bildirib ki, Polşaya düşən raketlərin Ukraynaya aid olmadığına tam əmindir. 

Əslində Rusiyanın Polşa ərazisinə zərbə endirməsi öz təsdiqini tapmış olarsa, bu, faktiki olaraq NATO-nun Rusiyaya hərbi müdaxilə etməsi ilə nəticələnməlidir.

 

Qərb müharibədən qaçır...

 

Qərbin bu reaksiyası Ukrayna dövlətini açığı pis vəziyyətdə qoydu. ABŞ və Polşa rəhbərliyinin bu qərarından belə nəticəyə gəlmək olar ki, Qərb bu hadisəyə görə məsuliyyəti Ukraynanın üzərinə “yıxır”.

Kiyevi müharibənin ilk günlərindən etibarən hər cür yardımla təchiz edən əsas dəstəkçiləri ABŞ və Polşa yoxsa, Zelenski ilə ciddi fikir ayrılığı yaşamağa başlayır? Biz son proseslərə nəzər salsaq görə bilərik ki, Vaşinqton müharibənin davam etdiyi bu 9 ay ərzində heç vaxt olmadığı qədər Ukraynanı Rusiya ilə diplomatik masaya oturtmaq niyyətindədir.

Belə görünür ki, Amerika Rusiyaya vurduqları zərər-ziyanın artıq kifayət etdiyi qənaətindədir. Eləcə də ABŞ aryıq milyardlarla silah-sursat, hərbi texnika göndərdiyi Ukraynaya yardımı dayandırmaq fikrinə düşüb. Vaşinqton eyni zamanda düşünə bilər ki, “Rusiya bu müharibəyə kimi hansı dövlətlər üzərində, hansı coğrafiyalarda üstünlüyə sahib idisə, söz sahibi idisə, bu gün artıq həmin nüfuzdan söhbət gedə bilməz”. Biz bunu elə Cənubi Qafqazdakı mənzərədən də aydın görürük.

Belə görünür ki, Zelenski qərbli müttəfiqlərdən Putin ilə bir masa arxasında oturub sülhə razılaşmaq təklifini alıb, amma Kiyev danışıqlara istəksizdir. Buna məcbur edilən Kiyev isə hazırda çıxış yolu axtarışındadır.

Amma çox güman ki, Ukrayna hakimiyyəti Polşaya düşən raketlər fonunda Qərbin bu müharibəyə yanaşmasını yenidən dəqiqləşdirmək imkanı da əldə etdi. Və belə görünür ki, məsələ Ukraynanın qalib gəlməsindən çox, bu savaşın yekununda kimin nə əldə etmək istəyi ilə bağlı idi.

NATO katibi bəyan etdi ki, məqsədyönlü hücumun edildiyi, yaxud raketin Rusiya tərəfindən atıldığına dair heç bir dəlil-sübut yoxdur. Yens Stoltenberqin bu açıqlamaları da Qərblə bağlı “müharibədən çəkilmə” və yaxud “müvəqqəti olaraq yeni savaşdan qaçma” iddiaları bir xeyli artırmış olur. Görünür, ABŞ və Qərbin əsas aktorları artıq istəyinə nail olub. Onlara Ukraynanın nə istədiyi və yaxud onun gələcək taleyi bir o qədər əhəmiyyət kəsb etmir.

Əslində NATO-nun bu müharibədə təhdid  bəyanatlarından savayı ciddi bir addım atacağı da öncədən gözlənilən deyildi. Çünki hələ dünyanın düz vaxtında - NATO müttəfiqləri ilə sonuncu dəfə 2016-cı ilin noyabrında qırıcı böhranı zamanı Türkiyənin tələbi ilə 4-cü maddə üzrə məsləhətləşmələr aparılıb. Hələ o zaman da NATO-nun tutarlı qərar aldığını müşahidə etmədik. Polşa ərazisinə vurulan raketin qəza olub-olmaması, yoxsa NATO-nun birliyini və effektivliyini yoxlamaq üçün Moskvanın planlaşdırdığı, təxribat olub-olmaması əslində elə də prinsipial əhəmiyyət kəsb etmir.

Burada əsas məsələ Rusiya ilə üz-üzə gəlmək istəməyən Qərb hadisəyə “qəsdən edilmiş hücum deyil” fikri üzərindən münasibət bildirməklə artıq savaşın dayandırılmasını nümayiş etdirməsidir. Beləcə, Ukrayna -Rusiya savaşına aktiv qatılmaq istəməyən Qərbin güc mərkəzləri NATO ölkəsi olan Polşaya düşən raketlərlə bağlı belə başdansovdu, oyuncaq ev dağılmış kimi bir yanaşmasına başqa ad vermək olmur. (Milli.az)

 





17.11.2022    çap et  çap et