Paytaxt sakinlərinin bir çoxu əvvəllər paytaxtda fəaliyyət göstərən tramvay xətlərinin bərpasının sərnişin sıxlığını azaldacağını düşünürlər.
Məsələ ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, tramvay xətlərinin bərpasına başlanılmalı və marşrutlar mərhələli şəkildə qurulmalıdır.
“Tramvay yüngülrelsli dəmiryolu sistemidir. Bu, şəhər daxilində ən effektiv sərnişindaşıma vasitəsidir. Nəzərə alsaq ki, metro stansiyalarının tikintisi baha və gec başa gəlir. Bu baxımdan tramvay sərnişin daşınmasının yükünü üzərinə götürə bilər. Bu həm də paytaxtda olan tıxacların aradan qaldırılmasına da kömək edəcək. 1980-ci ilə qədər Bakı tramvay şəbəkəsinin ümumi uzunluğu təxminən 70 km idi. 2004-cü ildə tramvay şəbəkəsinin sonuncu xətti də bağlandı və söküldü. Biz bu gün həmin qərarın çətinliklərini yaşayırıq. Bakının Baş Planında tramvay xətlərinin bərpası nəzərdə tutulub. Bu xətlərin gec olmadan bərpasına başlanılsa, yaxşı olar. Bakıda əvvəl bu nəqliyyat vasitəsi olub və yenidən yaratmaq deyil, bərpa etmək lazımdır. Bunlar hamısı bərpa olunmalı və bir-biri ilə keçidlərlə təmin edilməlidir”, – deyə o qeyd edib. (Trend.az)