Makronu xoruza bənzətməklə, “üzdəniraq” çıxarmaqla, Fransanı söyməklə, təhqir dolu açıqlamalarla biz Fransanın hazırkı siyasi xəttinə heç bir əks təsir göstərə bilmərik, onu anti-Azərbaycan mövqeyindən əsla daşındıra bilmərik.
Biz Fransa dövlətinin hazırkı davranışlarının səbəblərini fransız xalqının travmalarında axtarmalıyıq. Bəli, bəli, fransız xalqı travmalı xalqdır, natamamlıq kompleksi yaşayan xalqdır. Özünü britaniyalılarla, almanlarla, amerikalılarla tez-tez müqayisə edən fransızlar onlardan heç də geri qalmadıqlarını, güclü xalq olduqlarını daim sübut etməyə çalışırlar.
Fransız xalqının travmaları onun bəzi liderlərinə də təsirsiz ötüşmür.
İnanmırsınız?
Elə isə Emmanuel Makronun davranışlarına baxın.
Bu adamın bütün hərəkətlərindən, jestlərindən, çıxışlarından natamamlıq “fışqırır”. Makron hətta o dərəcədə kompleksli adamdır ki, bəzən özünü Napoleon Bonapart kimi aparmağa, böyük lider olduğunu isbatlamağa çalışır, Avropanın və dünyanın, o cümlədən ermənilərin taleyi üçün məsuliyyət daşıdığını düşünür.
Keçmiş prezident Nikola Sarkozi öz genlərində fransız xalqının etnopsixoloji zəmində qüsurlarını daşımaqla yanaşı, üstəgəl, gündəlik həyatda da öz komplekslərindən əziyyət çəkirdi. Məsələn, boyunun qısalığı Sarkozini həmişə narahat edirdi. Xanımı Karla Bruni ilə yanaşı durub şəkil çəkdirəndə boyca xanımından balaca görünməmək üçün Sarkozi həmişə xüsusi kabluklu ayaqqabı geyinirdi.
Mətbuatda dərc olunan karikaturaları da N.Sarkozinin rahatlığını pozurdu. Yeri gəlmişkən, Emmanuel Makron da öz karikaturalarının çəkilməsinə dözümsüz yanaşır.
Makrondan öncəki Fransa prezidenti Fransua Olland isə bir super dövlət üçün və qabaqcıl bir xalq üçün ümumiyyətlə tragikomediya idi. Bu adam o dərəcədə boz, xaraktersiz, xarizmasız bir şəxsiyyət idi ki, onun bir dövlət başçısı kimi varlığı ilə yoxluğu bilinmədi.
Və budur, bu cür rəngsiz, tipsiz, keyfiyyətsiz liderlərin natamamlığı son nəticədə Fransa dövlətinin iç və dış siyasətinə də öz damğasını vurur, yansıyır. Əsəbi Sarkozi Liviyanın və Suriyanın üzərinə bombardmançı təyyarələr göndərir, mülki əhalinin evlərini bombalarla “şumlayır”, Qəddafidən qisas alır və bu yolla öz içindəki natamamlıq “qurd”unu öldürür.
Natamamlıqdan doğan nifrət hissi Makronu İslam dininə qarşı, Məhəmməd peyğəmbərə qarşı aqressivliyə kökləyir, adam qatı islamofoba çevrilir. O dərəcədə ki, hətta öz karikaturasının çəkilməsinə əsəbi reaksiya verdiyi halda, Məhəmməd peyğəmbərin karikaturasını çəkənləri isə müdafiə edir...
Bütün bunlar nədən doğur?
Dövlətin başçısının, millətin liderinin natamamlıq kompleksindən, şəxsiyyət əskikliyindən, əzikliyindən əziyyət çəkməsindən.
Lideri cılız olan dövlət özü də cılızlaşır. Makron necədirsə, Fransa da onun bənzərinə, təkrarına, kopiyasına çevrilir...
Fransa Makronlaşır.
Yeri gəlmişkən, Fransa tarix boyu belə olub.
Fransa və fransız xalqı həmişə liderlərinin şəxsi naqisliklərinin, əskikliklərinin əziyyətini çəkib, acısını yaşayıb və nəticədə liderlərinə uyğunlaşmaq məcburiyyətində qalıb.
Gəlin o liderlərin bəzilərini birlikdə nəzər nöqtəmizdən keçirək...
Məsələn, başlayaq elə Fransa tarixinin ən əfsanəvi simalarından biri sayılan kardinal Rişelyedən. Kral 13-cü Lüdovikin “sağ əl”i sayılan və həm də tarixdə ilk “boz kardinal” kimi iz buraxan bu adam öz məqsədlərinə çatmaq və Fransanın rəqiblərinə, xüsusən də Habsburqlar imperiyasına qalib gəlmək üçün bütün məqbul və qeyri-məqbul (əxlaqsız, mənəviyyatsız, alçaq) üsullardan istifadə edib. Bu adam heç kimə qarşı açıq müstəvidə, kişi kimi mübarizə aparmayıb. Bütün məqsədlərinə saray intriqaları ilə, “saman altından su yeritmək”lə, əlaltılarının vasitəsilə nail olub. Yəni ki, Nikkolo Makiavellinin məlum, murdar prinsipi ilə hərəkət edib. Məhz bu cür iyrənc xüsusiyyətlərinə görə də “boz kardinal” adını alıb. Ona görə də, ölümündən təxminən yarım əsr sonra bu adama qarşı hələ də dərin nifrət bəsləyən fransızlar kütlə halında onun məzarına qarşı vandallıq edərək sümüklərini qəbirdən çıxarıb və parça-parça ediblər...
Mən hələ Fransa burjua inqilabından sonra fransız liderləri ilə krallarının iyrəncliklərindən, Napoleonun müsəlman dünyasına qarşı hiylələrindən və qəddarlıqlarından heç nə danışmıram. Bu barədə ayrıca bir yazı yazsaq da bəs etməz.
Gələk 20-ci əsrin 40-cı illərinə.
Hitler 1940-cı ilin mayında Fransanı işğal edir. Fransa marşal və generallarından tutmuş (başda marşal Peten olmaqla) fransız yazıçı və şairlərinə, incəsənət adamlarına, siyasətçilərinə qədər, bir çox məşhur fransızlar düşmənə qarşı mübarizə aparmaq əvəzinə, onların torpaqlarını işğal etmiş alman faşistlərinin rəğbətini və rəhmini qazanmaq üçün hər vasitəyə, hər cürə iyrəncliyə əl atırlar.
Və məhz həmin dövrdə fransız kollaborasionizmi, fransız yaltaqlığı, fransız yarınmaqlığı özünün apogeyinə, zirvəsinə çatır. Hətta alman faşistləri kimi alçaq insanlar da fransız elitasının alçaqlığının bu dərəcədə hədsizliyinə, hüdudsuzluğuna heyrət edirdilər.
Axı Fransa cəmiyyətinin “qaymaq”larını alman işğalı altında inləyən sadə fransız xalqının faciəsi əsla maraqlandırmırdı. Onlar yalnız öz murdar “dəri”lərini xilas etmək barədə düşünürdülər.
Yaxşı ki, həmin dövrdə fransızlar arasından Şarl de Qoll adında bir kişi ortaya çıxdı və alman əsgərlərinin ayaqları altında sürünən fransız ləyaqətinin, fransız milli qürurunun xilası üçün mübarizəyə başladı.
Lakin sonralar Şarl de Qollun özü də necə deyərlər, gah nala, gah da mıxa vurdu. De Qoll Fransası gah NATO-ya üzv oldu, gah da NATO-dan çıxıb keçmiş sovet imperiyasının – SSRİ-nin tərəfinə keçdi. Bir müddət sonra Fransa yenidən NATO ailəsinin sıralarına geri döndü...
Bax, belə bir dəyişkən, sürüşkən, “buqələmun” tərzində bir tarixi var, tarixi liderləri var Fransanın.
Fransız xalqı dünyanın nadir xalqlarındandır ki, liderlərini yetişdirən bir xalq kimi yox, liderlərin yetişdirdiyi, forma və məzmun verdiyi bir xalq kimi tarix səhnəsində öz varlığını davam etdirib.
Fransız xalqı hər liderin dövründə dəyişir, yeni şəraitə, yeni şərtlərə adaptasiya olur, yeni liderə uyğunlaşır.
Bugünkü fransız xalqı da eynən Makrona bənzəyir. Fransız dövləti də makronlaşıb. Fransanın Azərbaycana qarşı murdar siyasətinin kökündə də həm də bu amil dayanır.
Elə Fransa dövlətinin Ermənistan dövləti ilə mənəvi birliyi, yaxınlığı da bundan qaynaqlanır.
Rişelye “dəyər”lərindən (daha doğrusu, dəyərsizliyindən) su içən və bu gün də Makronun natamamlığı ilə yoluna davam edən Fransanın eyni “dəyər”ləri bölüşən Ermənistan ilə əl birliyi, dil birliyi bizi niyə təəccübləndirməlidir ki?