Vaxt.Az

«Metro Tağı»nın 100 minlik badalağı


 

Keçmiş rəis ticarətçilərin hər birinə 1100 manat «atıb»

«Metro Tağı»nın 100 minlik badalağı Bakı Metropoliteninin «Həzi Aslanov» stansiyasında mağazaları sökülən ticarətçilər prezident İlham Əliyev «İmdad» başlığı ilə məktub yazıblar. Həmin məktubu redaksiyamıza bilavasitə təqdim edən metro ticarətçilərinin «Yeni Müsavat»a verdikləri məlumata görə, prezidentdə göndərilən məktubda qeyd olunub ki, onlar iş yerlərini itirməklə yanaşı, dələduzlar tərəfindən aldadılıblar. Bir sürəti «Yeni Müsavat»a göndərilən məktubda deyilir:

«Tağı Əhmədov işdən azad olunandan sonra bizdə belə bir ümid yaranmışdır ki, bundan sonra ticarətlə məşğul olan bizim kimi adamlar rahat nəfəs alacaqlar. Hamı elə düşünürdü ki, bundan sonra ailəsini daha yaxşı dolandıracaq. Çünki qazandığımız 1-2 manat pullu da bizdən «tikinti pulu», «vergi pulu», «xidmət pulu», «zibil pulu», «yer pulu» adı ilə məcbur alırdılar. Amma, yeni metro rəisi gözlənilənin tam əksini etdi. Yeganə qazanc yerimizi bağlayaraq bizə ağır zərbə vurdu.  İndi bizlər iş yerlərimizin bərpa olunması ilə yanaşı, 2012-ci ilin martında «Eurovision» yarışması ilə bağlı yığılan 1100 manatı da tələb edirik. Çünki, o vaxt alüminiumdan olan köşkləri yeniləri ilə əvəz etmək adı ilə bizdən 104 min 500 manat pul yığıblar. Bu, bizlər üçün kifayət qədər böyük məbləğdir».

Metro ticarətçiləri məktublarında qeyd ediblər ki, o vaxt həmin pulu çoxları bankdan kredit götürmək hesabına ödəyiblər: «O, vaxt Tağı Əhmədovun yaxın adamı Şövqi Əhmədov bizi məcbur etdi ki, üç gün içində həmin pulu yığıb verməlisiniz. Mağazalarımız bağlananda biz həmin pulu tələb etdik. Çünki, Tağı Əhmədov bizə demişdi ki, nə vaxtsa həmin mağazalardan çıxsanız, həmin məbləğ ticarətçilərə geri qaytarılacaq.  Bizim də ümidimiz ona idi ki, nə vaxtsa metrodan çıxsaq 1100 manatımızı alıb, bir başqa yerdə ticarətə davam edəcəyik. İndi, əlimizdə pul yoxdur ki, alver edək».

Xatırladaq ki, Bakı Metropolitendəki ticarət köşklərinin sökülməsi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sərəncamına əsasən həyata keçirilib.  

 Bakı Şəhər İcra Hakimiyyətinin Metropoliten ərazisində fəaliyyət göstərən obyekt sahibləri ilə əldə etdiyi razılığa əsasən, tacirlərin işlə təmin edilmələri və digər ticarət obyektlərinə köçürülmələri üçün təkliflər edilib. Sahibkarlara Yeni Günəşli qəsəbəsindəki ticarət mərkəzlərində, «Keşlə», «Yaşıl» və «Şərq»  bazarlarında yer təklif olunub. Bu təkliflə razılaşacaq sahibkarlardan  3 ay müddətində dövlət rüsumu alınmayacaq.

 Qeyd edək ki, Bakı Metropolitenində 1194 ticarət obyekti sökülüb. (foto: musavat.com)

 





01.04.2014    çap et  çap et