Dmitri Qordon bu prosesin uğurla başa çatmasında həmin dövrdə Ukrayna baş prokurorunun müavini olmuş Gündüz Məmmədovun xüsusi əməyi olduğunu vurğuladı
Haaqa beynəlxalq hərbi tribunalı 2014-cu ildə tanınmamış “DNR” ərazisində vurulan Malayziya sərnişin təyyarəsi ilə bağlı qərar çıxarıb. Xatırladaq ki, Ukraynanın şərqində, işğalda olan Pervomaysk ərazisində sahədən atılan raket sayəsində sərnişin təyyarəsində 283 sərnişin və 15 heyət üzvü həlak olmuşdu. Beynəlxalq məhkəmənin qərarı ilə İqor Strelkov – Girkin, Sergey Dubinski və Leonid Xarçenko günahkar sayılaraq qiyabi olaraq hərbi cani kimi ömürlük həbsə məhkum ediliblər. Məhkəmə təyyarənin vurulduğu ərazinin Rusiyanın nəzarətində olduğunu da qətiləşdirib. Yekun qərarda həlak olanların ailə üzvlərinə 16 milyon avro təzminat ödənilməsi ilə bağlı qərar da çıxarılıb.
Xatırladaq ki, faciəli reys Amsterdamdan Kuala-Lumpur istiqamətində hərəkət edib. Həlak olanların əksəriyyəti Niderland vətəndaşı olub. Hələ 2018-ci ildə Avstraliya, Belçika, Malayziya, Niderland və Ukraynadan olan birgə araşdırma komissiyası təyyarənin vurulduğu “Buk” raketinin Kurskda yerləşən 53-cu zenit-raket briqadasına məxsus olduğu ilə bağlı yekdil rəyə gəlib. Xatırladaq ki, ittiham olunan Girkin həmin dövrdə tanınmayan “DNR”in müdafiə naziri idi. Digər canilər isə tanınmayan respublikanın müxtəlif hərbi birləşmələrində komandir olublar.
Bu məsələ ilə bağlı digər maraqlı məqam məşhur ukraynalı jurnalist Dmitri Qordonun hadisədən bir müddət sonra Girkindən müsahibə alması və bununla bağlı təpkilər görməsi ilə bağlıdır. Məşhur jurnalist bunun əslində Ukraynalı prokurorluğu və hərbi prokurorluğun, eləcə də kəşfiyyat orqanlarının birgə planı olduğunu açıqlayıb. Qordon Girkindən etiraf almaq üçün 60-a yaxın sualın bu orqanlar tərəfindən tərtib olunduğunu bildirib. O bu işdə xüsusi əməyi olan iki şəxsin, o cümlədən həmin dövrdə Ukrayna baş prokurorunun müavini olan həmyerlimiz Gündüz Məmmədovun adını xüsusi qeyd edib və onlara təşəkkür edib. Qordon bildirib ki, Gündüz Məmmədovun və digər həmkarının səyləri nəticəsində canilər beynəlxalq səviyyədə layiq olduqları cəzaya layiq görüldülər.