Vaxt.Az

Hamısı bir yerdə ...


 

... Ermənilər, UNESCO və Azərbaycan “müxalifət”i

Hamısı bir yerdə ... BMT-nin elm, təhsil və mədəniyyət məsələləri üzrə xüsusi təşkilatı olan UNESCO (United Nations Educational, Scientific and Cultural Organization) indi korrupsiya, yalan, fırıldaqlar, qərəz və saxtakarlıq məkanına çevrilməkdədir.

Fransız sosialist, sabiq nazir Odri Azule bu quruma rəhbərlik etməyə başlayan gündən bəri isə UNESCO sanki Daşnaksutyunun və xüsusilə də qarabağlı ermənilərin Xankəndindəki terrorçu xuntasının “beynəlxalq arenadakı nümayəndəliyi”nə, habelə vəkilinə çevrilib.

Fransanın sabiq mədəniyyət naziri madam Azule sosialist olduğunu deyir: hər halda de-yure belədir.

Amma de-fakto onun xisləti ifrat tamahkar mikroburjua düşüncəsidir. Əks təqdirdə, Azule ərini və iki övladını təşkilatın hesabına beşgünlük istirahətə yollamazdı.

Özü də superlüks yaxta turu da olmaq şərtilə.

Yaxtalarda səyahət, müxtəlif diaspor təşkilatları ilə xüsusilə “intensiv” əlaqələr Azulenin mənfi yönləri arasında sadəcə, üzə çıxanlardır.

İndiyədək xüsusi səylərlə və “əmək”lə gizli saxlanan məqamsa ABŞ və Fransadakı erməni icmalarının diaspor təşkilatlarının, xüsusilə də erməni “filantrop”ların UNESCO ilə kriminal təmaslarıdır.

Bu təmaslar təşkilat yaranan ilk ildən vardı, lakin Kipr vətəndaşı olan erməni iş adamı Benon Sevan BMT-də çalışmağa başlayandan sonra tam yeni müstəviyə keçdi.

İraqdakı Səddam Hüseyn rejiminə “humanitar, elmi və mədəni yardım”lar, habelə “İraqdakı tarixi-mədəniyyət abidələrinin mühafizəsi” pərdəsi altında B.Sevanın da mənsub olduğu, iki erməni milyarderin yaratdıqları beynəlxalq şəbəkə BMT təşkilatlarından, xüsusilə də UNESCO-dan aktiv bəhrələnirdi.

Məhz UNESCO-nun sənədləri ilə İraqdan gizlicə neft alınır, əvəzində Səddam Hüseyn rejiminə Qərbin sanksiyalar və embarqolar siyahısına daxil etdiyi məhsullar, o cümlədən silah və hərbi texnika satılırdı.

Daha sonra UNESCO-nun İcra Şurası Bürosunun iki üzvünün ABŞ-dakı ermənilərin ən böyük təşkilatları olan Amerika Milli Erməni Assambleyası və Fransadakı ermənilərin Fransa Erməni Şurası ilə həddən ziyadə aktiv əlaqələrinin olduğu aşkarlandı.

Təmaslar o səviyyədə deqradasiya etmişdi ki, erməni Daşnaksutyun Federasiyası UNESCO-ya nasizm nökəri və cəllad Qaregin Njdenin Rumıniyanın Konstansa şəhərində olarkən yaşadığı mənzili “ev-muzey və mədəni-tarixi irs” elan etməyin təklifinə hazırlaşırdı.

UNESCO-nun indiki rəhbəri Odri Azule Fransanın mədəniyyət nazir olduğu dönəmdə onun Paris Erməni Assambleyası, Marsel Erməni Təşkilatları Fondu, Fransa Erməni Şurası və daha 8 erməni təşkilatı ilə əlaqələri barədə suallarsa hələ də cavabsız qalıb.

Əvəzində Azulenin də mənsub olduğu, mədəniyyət və vicdan amneziyasına tutulmuş şəbəkə Azərbaycanın ünvanına marazmatik ittihamlar səsləndirməkdən çəkinmir.

Bu isteriya Azərbaycanın birinci Vitse-prezidenti Mehriban Əliyevanın UNESCO-nün sülhməramlı səfiri postundan istefa verməsindən sonra daha da aktivləşib.

Erməni siyasətçilərin, mediasının, bloqerlərinin, ictimai xadimlərin və s. bu kimi məxluqatın səbəbi naməlum sevinclərini anlamaq bəlkə də mümkündür. Düşmənimiz müalicəsiz idiotizmə mübtəla olduğundan, onların sevinc hesab etdikləri koqtnitiv dissonans təzahürləri gözləniləndir.

Avropa İttifaqı ölkələrindəki erməni səfirlər də az qala ekstaza düşüblər, UNESCO-nun bundan sonra “ermənilərin haqlı mövqelərini daha geniş miqyasda müdafiə edəcəyini” deyirlər.

Bütün bunlar gözləniləndi.

Azərbaycanda özünü “müxalifətçi” adlandıran radikallaşmış qaraguruhun da ermənilərin açıqlamalarını az qala sözbəsöz təkrarlayan cümlələrdən ibarət izharları da asan təxkinlənən məqamdı.

Yenilik deyil: radikal “müxalifətçi”lərimiz Qərbdəki ssenari müəllifləri və maliyyə mənbələrindən aldıqları sifariş əsasında hərəkət edirlər.

Təəccüblü olan siyasi cahilliklə yanaşı, elementar bisavadlıq və korafəhmlikdir.

Bir zamanlar nüfuzlu olmuş UNESCO-nun Parisldəki mənzil-qərargahındakı məmurların Azərbaycana son illərdəki münasibəti bəllidir.

30 il işğalda olmuş ərazilərimizdə ermənilər mədəni-tarixi irsimizə tutduğu divan, vandallıq və barbarlığını onillər boyu görməyən, görməkdən inadla boyun qaçıran UNESCO 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra aqressivləşdi.

Təşkilat ermənilərin təşviqatına və xüsusilə də erməni diasporunun yaydığı “informasiya bülleten”lərinə əsaslanaraq işğaldan azad etdiyimiz ərazilərdə “xristian abidələrinin taleyi” ilə maraqlanmağa başladı.

Lakin rəsmi Bakı işğal edilmiş ərazilərdəki 67 məscidin 63-nün ermənilər tərəfindən dağıdıldığını, yerlə yeksan edilməmiş 4 məsciddə isə donuz və davar saxlandığını faktlarla sübut edəndə UNESCO susdu.

Teatrlarımız, kitabxanalarımız, məktəblərimiz, tarixi-mədəni irs nümunələrimizin darmadağın edildiyi sübut ediləndə UNESCO yenə qəfil qlaukomaya və kataraktaya tutularaq heç nə görmədi.

UNESCO-nun rəhbəri Odri Azule bundan sonra susaraq Bakının suallarını cavablamaya bilər.

Lakin bu, UNESCO-nun ikili standartlara və aşkar siyasiləşdirilmiş mövqeyinin dəyişməsinə dəlalət edir.

Azərbaycan isə tam doğru qərar qəbul edib.

Bundan əvvəl Yaponiyanın, ABŞ-ın və İsrailin UNESCO-nun ikiüzlüülüyünə, absurd qərarlarına və siyasiləşmiş yanaşma tərzinə etiraz əlaməti olaraq təşkilatı tərk etmələri kimi.

Azərbaycan UNESCO ilə tərəfdaşlığı və əməkdaşlığı bərpa edə bilərmi?

Niyə də olmasın.

Sadəcə, UNESCO-nun rəhbərliyi və siyasəti dəyişəndən sonra.

 





18.11.2022    çap et  çap et