Vaxt.Az

Dövlət Departamenti türk düşmənidir?


 

Türkiyənin rəddinə ABŞ-ın özünəməxsus reaksiyası

Dövlət Departamenti türk düşmənidir? ABŞ Dövlət Departamenti Türkiyəyə səyahət edən amerikalılar üçün əyləncəli tövsiyələr dərc edib. Türkiyədə səyahət edənlər üçün təhlükə səviyyəsi Dövlət Departamenti tərəfindən “artırılmış”, yəni “2-ci dərəcəli” kimi kimi qiymətləndirilir.

Müqayisə üçün yazaq ki, “1-ci səviyyə” – normal, “2-ci səviyyə” – yüksək, “3-cü səviyyə” – “fikrinizi dəyişməyiniz məsləhətdir”, 4-cü səviyyə isə “səyahət etməyin”dir.

ABŞ Dövlət Departamentinin sözügedən tövsiyələrinə nəzər salaq:

“Terrorizm və əsassız həbslərə görə Türkiyəyə səfər edərkən əlavə diqqətli olun. Bəzi bölgələr daha çox risk altındadır. Bütün məlumat vərəqini oxuyun.

Səyahət etməyin:

Şirnak vilayəti, Hakkari vilayəti və Suriya sərhədinin altı mil (on kilometr) daxilindəki hər hansı bölgədə mümkün terror səbəbindən.

Ölkə üzrə xülasə: Terror qrupları Türkiyədə mümkün hücumlar planlaşdırmağa davam edir. Terrorçular turistik yerləri, nəqliyyat mərkəzlərini, bazarları və ticarət mərkəzlərini, yerli hökumət obyektlərini, mehmanxanaları, klubları, restoranları, ibadət yerlərini, parkları, əsas idman və mədəniyyət tədbirlərini, təhsil ocaqlarını, hava limanlarını və s. ictimai yerləri hədəfə almış terrorçular var.

Təhlükəsizlik qüvvələri az və ya məxfi sübutlara əsaslanan, siyasi motivli görünən əsaslarla terror təşkilatları ilə əlaqədə şübhəli bilərək, ABŞ vətəndaşları da daxil olmaqla on minlərlə insanı saxlayıb. ABŞ vətəndaşlarının Türkiyəni tərk etməsinə mane olan səyahət qadağaları da qoyulub. Türkiyə hökuməti tərəfindən açıq şəkildə təsdiqlənməyən nümayişlərdə iştirak, həmçinin hökuməti tənqid etmək (o cümlədən sosial mediada) həbsə səbəb ola bilər”.

Türkiyə ilə bağlı məlumatların yenilənməsi bu il oktyabrın 4-nə təsadüf edir və hələ də yenilənməyib. Yəni ayyarım vaxt keçməsinə rəğmən, yenilənməyib. Bu faktın özü ABŞ Dövlət Departamentinin Türkiyədəki mövcud vəziyyətin dəyərləndirilməsində nə dərəcədə obyektiv olduğunu göstərən əhəmiyyətli nüans sayıla bilər.

Beləliklə, Dövlət Departamentinin “adi amerikalı turistlərə” ünvanladığı bu tövsiyələrlə bağlı suallar yaranır:

1. Amerikalı turistlər Türkiyənin cənub-şərq vilayətlərində, daha konkret olsaq,  İraq və Suriya sərhədindən “cəmi 10 km aralı”da nə gəzirlər? Normal turistlər Antalyada və ya Bodrumdakı otellərdə oturub əylənir, animasiyaya baxırlar.

2. Türkiyədə uzun müddətdir ki, xüsusilə turizm infrastrukturunda rezonans doğuran terror aktları baş verməyib. Buna baxmayaraq, Dövlət Departamentinin saytında xəbərdarlıq yerləşdirilir. Noyabrın 13-də İstanbulun mərkəzində terror aktı törədilir. Teraktdan sonra rəsmi Ankara Vaşinqtonun başsağlığını rədd edir. Təsadüfdür?

3. Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan bu “on minlərlə vətəndaş, o cümlədən ABŞ vətəndaşları” nə deməkdir? 2016-cı ilin “şanlı dövrlərindən” və keşiş Endryu Bransondan bu yana belə “amerikalı həbs”ləri ilə bağlı bir məlumat da yoxdur, olmayıb.

Dövlət Departamentinin tövsiyələrinə inansaq, ABŞ və Türkiyə münasibətlərində maraqlı mənzərə ortaya çıxır - “uzaqdan bəhanələrlə” saxlanılan və Türkiyə həbsxanalarında oturan amerikalı “vicdan məhbusları” varmış. Özü də on minlərlə...

Bunca yalan, orta statistik amerikalını az qala primat səviyyəli intellektə malik adam saymaq olarmı?

4. Axı nə üçün ABŞ vətəndaşları Türkiyəyə turist kimi getsələr, mütləq etiraz aksiyalarına və  ya nümayişlərə qatılmalıdır? Niyə də, niyə?!

Orta statistik texaslı, ayovalı və ya aydaholu turist Türkiyədə nümayişə qatılıb yerli vətəndaşlara nəyi nümayiş etdirəcək?

Və ya amerikalı niyə Türkiyə gedib çatan kimi görün, sosial şəbəkələrdə necə, hansı formada və ifadələrlə Türkiyəni tənqid etməlidir ki, həbs olunsun? Yəqin pis hava və ya oteldəki kasad İsveç masasından yazsa, mütləq tutulacaq, işgəncələrə məruz qalacaq. Hətta bəlkə gizlicə edam da edildi: nə bilmək olar, Dövlət Departamentinə inansaq, Türkiyədə sosial şəbəkələrdə nə isə yazmaq çox təhlükəli məşğuliyyətmiş.

Dövlət Departamenti yazır ki, indi Türkiyədə “adi” amerikalı turist üçün vəziyyət şuluqdur. Nümayişə və mitinqə qatılmaq olmur, sosial şəbəkələrdə Türkiyə hökumətini söymək fəsadlıdır. Bu azmış kimi Türkiyə-Suriya sərhədində də bədirlənmiş Ayın işığı altında gecəyarısı gəzişmək problematikdir.

Bir sözlə, mənasız və boş istirahət, pulu havaya səpələmək.

Dövlət Departamentinin “tövsiyəsi”ni hazırlayan müəlliflərdə belə türkofobiya ilə idiotizmin səbəbi nədir? Gerçəkdən rəsmi Vaşinqton öz vətəndaşlarını ucdantutma debillər yığnağı hesab edir?

Bəlkə Dövlət Departamentinin gözləri zəifləyib? (Milli.az)

 





19.11.2022    çap et  çap et