Vaxt.Az

Azərbaycanın Rusiya ilə qaz mübadiləsi


 

Qış belə davam edərsə tələbatlar minimuma düşəcək

Azərbaycanın Rusiya ilə qaz mübadiləsi “Gazprom Export” şirkəti ilə SOCAR arasında qış mövsümündə 1 milyard kubmetr qazın mübadilə edilməsi daxili bazarda mavi yanacağın mümkün pik istehlakı zamanı ehtiyacların stabil ödənilməsinə hesablanıb. Faktiki ölkələr arasında pik zamanlarda elektrik enerjisi mübadiləsi kimi.

Niyə bunu edirlər? Qeyd edim ki, enerjinin generasiyası kapitalyönümlü məsələdir. Elektrik və qazın istehsalı (əgər böyük yeraltı qaz anbarların yoxdursa) isə onun istehlakı ilə düz mütənasibdir, yəni nə istehsal etdin, gərək sata biləsən. Pik dövrün gərginliyini aradan qaldırmaq üçün generasiya qurğularına böyük xərc çəkib sonra onun imkanlarından istifadə etmədinsə, belə işin kommersiya rentabelliyi aşağı olur. Amma çatışmayan həcmləri qonşundan alıb sonra ona lazım olanda mübadilə etmək - hər iki tərəf üçün qarşılıqlı fayda deməkdir. 

İkincisi, orada 1 milyard kubmetr göstərilməsi o demək deyil ki, məhz həmin həcm idxal ediləcək. Ola bilər 100 milyon kubmetr olsun, ola da bilər 999,99 milyon kubmetr. Axı qışın pik tələbat günlərini proqnoz etmək çox çətindir, özü də təkcə bizdə yox, elə Qərbdə də (ötən ilin oktyabrında Avropada qışın çox sərt keçəcəyi ilə bağlı verilən müxtəlif proqnozların heç biri praktikada özünü doğrultmadı).. 

Sabaha +23 dərəcə istilik proqnozu var bu gün Azərbaycanda, demək qaza olan tələbat minimuma düşəcək. Necə ki, dünən +19C-yə qədər artım olmuşdu. 

Amma hesab edirəm ki, qarşıdan gələn bazar ertəsi əgər “Azəriqaz” və “Azərenerji” gündəlik istehlakla bağlı (müqayisəli) açıqlama verərlərsə, cəmiyyəti inandırmaq məsələsində irəli addım atmış olarlar. Əks təqdirdə “görəsən bu qaz haqq hesabının arxasında nələr durur” kimi fərziyyələr qış mövsümü başa çatandan sonra da beyinlərdə cərəyan edəcək…

 





19.11.2022    çap et  çap et