Vaxt.Az
Güney üçün “yol xəritəsi”
Fars-molla rejimi bizim sözdən işə keçdiyimizi görməlidir
İrandakı soydaşlarımıza dəstək məqsədilə səsləndirilən bütün təkliflər diqqətə layiqdir. Milli Məclisin bir neçə deputatı təklif edib ki, güneyli soydaşlarımızın Bakıdakı ali təhsil ocaqlarında təhsil almalarına şərait yaradılmalıdır. Bu elə böyük maliyyə tələb etmir. Siyasi qərar olarsa Təhsil Nazirliyi üçün bu prosesi nizamlamaq çətin olmayacaq. Tehran illərdir bir qisim gəncimizi İranın dini mərkəzlərində oxutdurur, sonra da bəzilərindən öz məqsədləri üçün istifadə etməyə çalışır. Biz niyə soydaşlarımızın öz ana dilində Azərbaycanda təhsil almalarına şərait yaratmayaq? Bu məsələni ləngitmək olmaz.Günaz.TV-nin qurucusu Əhməd Obalının da maraqlı təklifi var. Əhməd bəy, 10 ildən çox Azərbaycanda yaşayan, ailə quran güneylilərə vətəndaşlıq verilməsini təklif edib. Bu da vacibdir, tanıdığım güneyli dostlarım Azərbaycanda illərdir yaşayırlar, ailə qurublar, övladları böyüyür, ancaq vətəndaşlıq əldə edə bilmirlər. Bunu da həll etməyin zamanıdır. Prezident İlham Əliyev İranda yaşayan azərbaycanlıların hüquqlarını diqqətdə saxlayacağını bir neçə dəfə vurğulayıb. Dövlət başçısının bu açıqlamaları məmurlarımıza güneyli soydaşlarımızın problemlərinin həlli istiqamətində “yol xəritəsi” rolunu oynamalıdır. Bunları həm də ona görə etməliyik ki, Tehran rejimi bizim sözdən işə keçdiyimizi anlasın.
20.11.2022 çap et