Mövsümün son yarışı ənənəvi keçdi - yəni mövsümün ikinci yarısında gördüyümüz mübarizəni gördük. Öndə Maks Verstappen əlçatmaz idi, adam bir dövrə belə rəqiblərinə şans vermədi. Arxasında Şarl Lekler və Serxio Peres yarışırdılar. Komanda da başa düşürdü ki, eyni strategiya ilə Peres rəqibinə aşkar uduzacaq, ona görə də onu fərqli strategiyaya keçirdilər - amma bunun da xeyri olmadı. Son podium elə mövsümün yekun turnir cədvəlini də təsdiq etdi.
Əlbəttə, Alonso və Hamilton kimi çempionların mübarizədən kənar qalması üzücü idi, əminəm ki, onların hər ikisi Fettel üçün tüstü buraxmağa hazırlaşmışdılar, amma keçən ilki kimi özü mübarizədən kənar qalmışdısa, bu dəfə Fettel özü finişi gördü və onun şərəfinə podium qazananlar tüstüləməli oldular.
Bir məsələ də var ki, Alonso və Hamilton finişə çatsaydılar, Fettel son yarışında xalsız qalardı – bunun da səbəbi “Aston Martin” komandasının, daha doğrusu, komanda sahibinin eqosudur. Onun gül balası bu gün xal qazanmalı idi və Fettelin o boyda əziyyətini yerə vurmaq lazım idi. Alonso indidən bilməlidir ki, necə bir komandaya keçir...
Belə baxırsan ki, yarışda ötmələr də var idi, mübarizə də var idi, amma ümumən, sanki darıxdırıcı idi. Yəqin titul uğrunda mübarizənin başa çatması da rol oynayırdı.
İki gündən sonra elə bu trasda sürücülərin gələn mövsümə hazırlığı başlayacaq. Daha sonra qış tətili və yeni ildə yeni təqdimatlar, mövsümöncəsi testlər və ... artıq 41-ci mövsümümü başa vurub 42-ci mövsümümə hazırlığa başlayıram...