Avro
Avrozonada proqnozların altında açıqlanan inflyasiya rəqəmləri avronun bahalaşmasına mane oldu. Hazırda 106 bənd hədlərində dalğalanan dollar indeksi 108 bənd həddinin üzərinə yüksəlsə, dollar dünya birjalarında yenidən güclənə bilər. Əks təqdirdə isə eniş tendensiyası daha kəskin xarakter ala bilər.
Digər tərəfdən, San-Fransisko, Klivlend və Kanzas Siti FED sədrlərinin faiz artımlarının davam edəcəyinə dair açıqlamaları isə birjalarda ciddi fikir ayrılıqlarına səbəb ola bilər.
Bu həftə Avropa Mərkəzi Bankının, eləcə də, FED-in son toplantısının protokollarının dərci, həmçinin Avrozonada, İngiltərədə və Amerikada açıqlanacaq Biznes Aktivliyi İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq.
Funt-sterlinq
Ötən həftə İngiltərədə artımla açıqlanan inflyasiya göstəricilərindən sonra İngiltərə Mərkəzi Bankının sərt monetar siyasətinin davam etdiriləcəyi ehtimallarının daha da artması funt-sterlinq cütlüyünün kəskin bahalaşmasına səbəb oldu.
Dollar-funt-sterlinq cütlüyündə qiymətlər 1.2000 hədləri üzərində möhkəmlənə bilsə, Britaniya valyutası 1.22-ə kimi bahalaşa bilər. Əgər 1.2000 müqaviməti qırılmasa, artım tendensiyası enişlə əvəzlənə bilər.
Türk lirəsi
Son 2 ayda üfüqi tendensiya sərgiləyən dolların məzənnəsi 18.60 həddi üzərində möhkəmlənərsə, lirə 19 lirəyə kimi ucuzlaşa bilər. Bu həftənin 4-cü günü Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı proqnozlaşdırılan kimi azalma ilə açıqlanarsa, üfüqi tendensiya artımla əvəzlənə bilər.
Qızıl
Dollar indeksinin kəskin ucuzlaşması fonunda qızıl yenidən 1773 dollara kimi bahalaşsa da, burada müqavimətlə qarşılaşaraq 1750 həddinə kimi gerilədi. Lakin dollar üzərində təzyiqlər artmaqda davam edərsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1800-ə kimi bahalaşa bilər. Qiymət 1750 dollar səviyyəsinin altında qala bilsə, yenidən ucuzlaşa bilər.