Vaxt.Az

... Səkkiz səbəb


 

İranın Azərbaycandan “üzr istəməsi” üçün ...

... Səkkiz səbəb İranın Azərbaycanı hədələyən ritorikası sülhpərvər qonşuluq siyasəti epitetləri ilə zənginləşdirilmiş tezislərlə əvəzlənib, hərçənd ki, bu, Tehranın situativ-taktiki mövqeyi kimi qiymətləndirilməlidir.

İranın ali rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti səviyyəsində Azərbaycanın “İranın gözünün nuru” adlandırılması region ətrafında yaranmış dərin dilemmalar zəminində qızışan emosiyalara su çiləsə də, tərəflərin strateji maraqları dəyişməz olaraq qalır.

Yəni nə İranın özünün Cənubi Qafqazla bağlı siyasətinə redaktələr edəcəyi, nə də ki Azərbaycanın özünün postmüharibə dövründəki duruşundan əl çəkəcəyi inandırıcıdır.

Bəs nə baş verdi ki, Vilayəti İranın “U” dönüşü etdiyinə işarə verdi?

Tehrandan verilən mesajı ərsəyə gətirən səbəblər çoxdur və onları canlandıran ştrixləri qeyd etmək yerinə düşər.

Birincisi, İrandakı üzdə ruhani, batində isə şeytani teokratik rejim istər xarici, istərsə də daxili siyasət arenasında gizli və əsas söz sahibidir, Vilayəti də Tehranın xarici siyasətini həyata keçirən Xarici İşlər Nazirliyi ilə ali rəhbər arasında, belə demək mümkündürsə, kuratorluq edir.

Təbii ki, cənab Vilayəti təlimatı birbaşa ali rəhbər Seyid Əli Xameneidən alıb və bu təlimat kitabçasının yazılmasına İranın üzləşdiyi daxili, regional və qlobal təhdidlər rəvac verir.

Daxili gərginliklərin silahlı toqquşmalar mərhələsinə keçidi ABŞ-nin İrana müdaxiləsi üçün son həddin yaranmasıdır ki, hazırda İslam Respublikasında cərəyan edən hadisələr həmin çəkiyə yaxınlaşmaq üzrədir.

ABŞ isə Cənubi Qafqazdakı tərəfdaşı Azərbaycanın yanında olduğunu bəyan edib, yəni İrana qarşı cəbhədə Bakı-Vaşinqton xətti hansısa bir formada canlana və bu, antiterror əməliyyatları ilə hüquqiləşə bilər, hərçənd ki, Azərbaycan ən təhlükəli ssenarilərə getməkdən məharətlə yayınır.

İkincisi, Azərbaycan Britaniya ilə strateji tərəfdaşlıq sərhədlərinə yaxınlaşan əlaqələrə malikdir və Tehranın ən böyük rəqiblərindən biri də Londondur. Sözsüz ki, regional şəkilləndirmənin həmmüəllifləri sırasında Britaniya xüsusi çəkiyə malikdir və o, bölgədə Bakının strateji məramı ilə üst-üstə düşən bir yanaşmaya sahibdir.

Üçüncüsü, İrandakı daxili gərginliklərdə hakimiyyətin ən ali məzhəbi uğrundakı saray çəkişmələrinin əkdiyi ağaclar da rol oynayır, lakin sonrakı mərhələlərdə ox yaydan çıxdı və tündləşən mənzərədə İsrail kəşfiyyatı özünə möhkəm yer tapa bildi.

İsrail də Azərbaycanın strateji tərəfdaşıdır və Bakı Təl-Əvivdə səfirlik açılması qərarını qətiləşdirdikdən sonra İran baş verə biləcək hadisələrdən sığortalanmaq üçün Vilayətini önə çıxarmaq məcburiyyətində qaldı.

Dördüncüsü, Azərbaycanla Türkiyənin strateji müttəfiqliyi və bu əməkdaşlıq platformasına İsrailin cəlb edilərək üçtərəfli format yaradılması təklənən İran üçün həlli çətin müşküllər seriyası təqdim edirdi.

Beşincisi, Azərbaycan tərəfindən ard-arda kəşfiyyat sahəsində ifşa dalğası ilə üzləşən İran növbəti ifşa əməliyyatları ilə üzləşməkdən çəkindi və bir növ Azərbaycana subliminal olaraq minnətçi düşdü ki, prosesi dayandırsın.

Altıncısı, İran körfəz ölkələrinə tətbiq etmək istədiyi hədə-qorxu siyasətini Azərbaycana münasibətdə uğursuz həyata keçirdi və Tehranın ayaqda qalmasını təmin edən ideoloji sütunlar laxladı.

Yeddincisi, İran özünün başı üzərində sıxlaşan qara bulud topalarını xarici düşmən axtarışı ilə dağıtmaq istəyirdi və bunun üçün qonşusu Azərbaycanı hədəf seçmişdi, amma Bakının cavab tədbirlərini düzgün hesablamamışdı.

Azərbaycan dövlət səviyyəsində İrandakı türklərin taleyini və hüquqlarını gündəmə gətirməklə faktiki olaraq Türkmənçay müqaviləsini gündəliyə daşıdı və bu da İranın didilməsi prosesində başqa presedent yaradan faktora çevrildi.

Səkkizincisi, İran Ukraynadakı müharibənin nəticəsini Rusiyanın xeyrinə dəyişdirmək üçün onu kamikadze dronlarla təchiz edəndə regional oxda Kremlin dəstəyinə ümidlər bəsləyirdi.

Ancaq Rusiya Türkiyə ilə dərinləşən əlaqələrini, Azərbaycanla münasibətlər sistemində yaranan yeni reallıqları İranın maraqlarına satmaqdan imtina edir və beləliklə Tehranın Moskvadan da əli üzülür. Rusiya Suriyada da Türkiyə üçün yaranan maneələri aradan qaldırır və İran onun üçün arxa plana keçir ki, bu da Moskvadan Tehrana əsdirilən küləklərin bir qismi kimi başa düşülə bilər.

İranın müraciət edə biləcəyi ən son ünvan Çindir ki, Pekin də İranın perspektiv qaranlıq taleyindən narahatlıqlar keçirmir, onu sadəcə olaraq iqtisadi layihələr maraqlandırır.

Dərin taktiki və strateji zərbələr alan İranın bu qarışıq tablo fonunda Azərbaycana “dost əlini” uzatması Bakıya “sən mənə qarşı cəbhədə yer alma” xahişinin izharı kimi şərh edilə bilər.

Görünür ki, İran diplomatik kanallarla Azərbaycana çıxış əldə edərək gərginliyə son qoyulması üçün formul təqdim edib və söz verib ki, Tehran Ermənistanı dəstəkləyən və revanşizmə qida verən addımlardan çəkinəcək.

Azərbaycanın mövqeyi İranın yapışacağı tutacaqdan və tutduğu sözə əməl edib-etməməsindən asılı olacaq, əgər Tehran yenə üzdə bir cür, səhnə arxasında fərqli davransa, Bakı qonşuluq münasibətlərini yenidən nəzərdən keçirmək məcburiyyətində qalacaq.

 





21.11.2022    çap et  çap et