Vaxt.Az

«Onun işıqlı xatirəsi qəlbimizdə həmişə yaşayacaq»


 

İlham Əliyev İsa Hüseynovun ailəsinə başsağlığı verdi

«Onun işıqlı xatirəsi qəlbimizdə həmişə yaşayacaq» Azərbaycan prezidenti İlham Əliyev İsa Hüseynovun ailəsinə başsağlığı verib. Nekroloqda bildirilir: «Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq yazıçısı İsa Mustafa oğlu Hüseynov (İsa Muğanna) 2014-cü il aprelin 1-də ömrünün 86-cı ilində vəfat edib.

İsa Hüseynov 1928-ci il iyun ayının 12-də Qazax rayonunun Muğanlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1946–1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil alıb, 1950–1952-ci illərdə isə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub.

Əmək fəaliyyətinə 1952-ci ildən etibarən Azərbaycan Dövlət Nəşriyyatının ədəbiyyat şöbəsində redaktor kimi başlayan İsa Hüseynov 1954–1964-cü illərdə «Literaturnıy Azerbaydjan» jurnalının redaksiyasında nəsr şöbəsinin müdiri, 1964–1979-cu illərdə Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında redaktor, baş redaktor və ssenari kollegiyasının üzvü olub. O, 1979-cu ildən Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifəsində çalışıb. İsa Hüseynov 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının üzvü seçilib.

Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan İsa Muğanna öz yaradıcılığı ilə milli bədii fikrin zənginləşməsində mühüm rol oynayıb. Nəsrimizin əsaslı şəkildə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olaraq onun ötən altmış ildən artıq müddət ərzindəki fəaliyyəti ölkəmizdə ədəbi mühitin inkişafına sanballı töhfə olub. Aydın mövqeli yazıçı Azərbaycan xalqının yüzillərdən bəri təşəkkül tapmış mədəni-mənəvi dəyərlərinin qorunması naminə həyatı boyu yorulmadan yazıb yaradıb.

Tariximizin qədim dövrlərdən bəri ən müxtəlif mərhələlərində baş verənləri və böyük şəxsiyyətləri hər zaman diqqət mərkəzində saxlayan İsa Muğanna milli özünüdərkə çağıran çoxsaylı əsərləri sırasına bir-birinin ardınca yeni dəyərli nümunələr əlavə edərək ömrünün son günlərinə qədər ədəbi prosesi istiqamətləndirməyə müvəffəq olub. Ədibin yaxın-uzaq keçmişimizin mənzərəsini hadisələrə özünəməxsus yanaşma və fərqli düşüncə tərzi sayəsində daha dolğun canlandıran silsilə roman və povestləri ədəbiyyatımızın məzmunca yeniləşməsində müstəsna əhəmiyyətə malikdir. Mühüm sosial həqiqətlərdən söz açaraq, dərin vətəndaşlıq ruhu ilə səciyyələnən bu əsərlərdə ustad yazıçı ana dilinin potensial poetik imkanlarından yüksək dərəcədə bəhrələnmək məharəti nümayiş etdirib.

İsa Muğanna, eyni zamanda, Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuş unudulmaz filmlərin bir çoxunun ssenari müəllifi kimi tanınırdı. Onun əsərləri əsasında çəkilən və xalqımızın yetirdiyi tarixi simaların ömür yolundan bəhs edən kinofilmlər sənətsevərlər tərəfindən indi də rəğbətlə qarşılanır. Tarixi gerçəkliklərin obrazlı təcəssümünə çevrilmiş həmin lentlər milli kino xəzinəsində özünəməxsus yer tutur. Yazıçı, həmçinin xarici dillərə tərcümə olunaraq müəllifinə şöhrət qazandıran əsərləri ilə nəsrimizi ölkəmizin hüdudlarından kənarda layiqincə təmsil edib.

İsa Muğannanın Azərbaycan mədəniyyətinin inkişafında səmərəli xidmətləri və çoxillik zəngin bədii yaradıcılığı yüksək qiymətləndirilib. O, fəxri ad və ordenlərə layiq görülüb, Azərbaycan Respublikasının ali dövlət mükafatı «İstiqlal» ordeni ilə təltif edilib.

Görkəmli nasir və ssenarist, səmimi və təvazökar insan İsa Muğannanın işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Elçin Əfəndiyev

Hacıbala Abutalıbov

Kamal Abdullayev

Fatma Abdullazadə

Əbülfəs Qarayev

Anar Rzayev

İsa Həbibbəyli

Fikrət Qoca

Çingiz Abdullayev

Söhrab Tahir

Nəriman Həsənzadə

Vaqif Səmədoğlu

Mövlud Süleymanlı

Zəlimxan Yaqub

Şəfiqə Məmmədova

Eldar Quliyev

 





01.04.2014    çap et  çap et