İş adamı rəsmi nümayəndəsi Nail Şahverdiyev vasitəsilə Milli.Az-a göndərdiyi müraciətdə barəsində olan iddiaları təkzib edib:
“Rusiya Federasiyasının vətəndaşı, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə əsasında yaşayan Əhmədov Fərhad Teymur oğlu tərəfindən
Müraciət
(Kütləvi informasiya vsitələrində yayılmış həqiqətə uyğun olmayan məlumatlara dair cavabın dərc edilməsi və təkzib olunmaqla üzr istənilməsi barədə)
Hörmətli kütləvi informasiya vasitələrinin rəhbərləri!
Azərbaycan Respublikasında fəaliyyət göstərən kütləvi informasiya vasitələrində son günlər ərzində barəmdə həqiqətə uyğun olmayan məlumatlar dərc edilmiş və iti sürətdə dərc edilməkdə davam etməkdədir.
Belə ki, kütləvi informasiya vasitələrində mənim Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlandığım, mənə məxsus evlərdə axtarışlar aparıldığı və “mənim casusluqda ittiham oluduğum” kimi absurd məlumatlar dərc edilmişdir.
Bildirirəm ki, mənim Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlandığım və mənə qarşı hər hansı ittihamın sürüldüyü barədə məlumatlar həqiqətə uyğun deyil və təhqiqat və ya istintaq orqanlarına dəvət olunmaq cinayətdə ittiham edilmək demək deyildir.
Əfsuslar olsun ki, bu gün informasiya vasitələri gündəmdə qalmaq üçün mənim adımdan istifadə edir, adım ətrafında əks-reklam xarakterli yazıları və ümumiyyətlə mənə aidiyyəti olmayan uydurma işlər üzrə ittiham edildiyim barədə həqiqətə uyğun olmayan məlumatlar yayır.
Qeyd etmək istəyirəm ki, mən Rusiya Federasiyasının vətəndaşı olmağımla yanaşı azərbaycanlıyam və istər əvvəllər mövcud olmuş siyasi fəaliyyətimdə, istərsə də biznes fəaliyyətim zamanı daim Vətənim olan doğma Azərbaycanımıza qulluq etmişəm, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi kursunu öz imkanlarım çərçivəsində hər cür dəstəkləmişəm. Hazırda Azərbaycan dövləti və Azərbaycan xalqı üçün etdiklərimi sadalamaq istəmirəm və düşünürəm ki, bu haqda internet ehtiyatlarında kifayət qədər məlumat və materiallar mövcuddur.
Hesab edirəm ki, qeyd edilən xarakterli yazıları dərc etməklə həmin kütləvi informasiya vasitələrinin məqsəd və niyyətlər mənə və məni tanıyan hər bir şəxsə məlumdur - məni xalqımın gözündən salmaq, şərəfimi və ləyaqətimi, o cümlədən işgüzar nüfuzumu ləkələməkdir, hətta bəzi hallarda bu yazılar böhtan və təhqir əlamətlərini özündə əks etdirir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.
Xahiş edirəm ki, kütləvi informasiya vasitələrində barəmdə yayılmış həqiqətə uyğun olmayan məlumatlara dair hazırkı cavabımın dərc edilməsi, həmin məlumatların təkzib olunmasını və bu cür məlumatların yayılmasına görə üzr istənilməsini 48 saatdan gec olmayan müddət ərzində təmin edəsiniz.
Əks təqdirdə barəmdə həqiqətə uyğun olmayan məlumatları yaymış kütləvi informasiya vasitələrinin, həmçinin onların vəzifəli şəxslərinin barələrində qanuna müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı hüquq-mühafizə orqanlarına müraciət ediləcəkdir”.