Vaxt.Az

Ədliyyə Nazirliyi elektronlaşır


 

Daha üç sənədi evdən çıxmadan əldə edə biləcəksiniz

Ədliyyə Nazirliyi elektronlaşır Ədliyyə Nazirliyi artıq doğumu, ölümü və istənilən yaşayış vəziyyətini də “mobilləşdirdi”. Nazirlik tam olaraq DATA YÖNÜMLÜ xidmətə keçir.

Bu gün Ədliyyə Nazirliyi peşə payramı ərəfəsində daha bir neçə ictimai və sosial əhəmiyyət kəsb edən rəqəmsal həllərini təqdim etdi.

Təsəvvür edin ki, siz xaricdə yaşayırsız və ya işləyirsiz. 

Əgər doğum və ya ölümlə bağlı, ailə vəziyyəti və ailə tərkibi ilə bağlı arayış əldə etmək lazımsa artıq əziyyət çəkib ölkəyə gəlməyə ehtiyac yoxdur. Ölkədəsinizsə müvafiq qurumlara getməyə ehtiyac yoxdur.

Nazirliyin yeni istifadəyə verdiyi “Mobil əhali” tətbiqi ilə bu arayışları  harada olmağınızdan asılı olmayaraq elektron formada əldə edə biləcəksiniz.

Dövlət və özəl sektor, vətəndaşın mobil telefonla əldə etdiyi bu  tip məlumatları, məsələn, telefondakı Doğum haqqında Şəhadətnaməni RƏQƏMSAL SƏNƏD olaraq qəbul edəcək.

Nazirliyin digər bir mühüm yeniliyi isə  hansısa müqavilənin  etibarnamə yolu ilə deyil, artıq birbaşa, tərəflərin harada olmasından asılı olmayaraq özləri tərəfindən bağlamaq imkanının yaradılmasıdır.

Anlaşıqlı desək Nazirlik hələlik ilkin mərhələ üçün   iki tərəfin iştirakını nəzərdə tutan kirayə müqavilələrinin uzaqdan, elektron formada bağlanması xidmətini təklif edir.

Tərəflərin identifikasiyası video qeydiyyat və üz tanıma əsasında reallaşır və bütün zəruri sənədlər real vaxtda sistemdən əldə olunur.

Güman etmək olar ki, artıq ən qısa zamanda Nazirlik etibarnamə və ya arayış məsələsinə də son qoyacaq və tərəflərə, təmas olmadan, hansısa görüş, hansısa Notarius, hansısa arayışlar olmadan,  uzaqdan,  tam DATA YÖNÜMLÜ xidmət təqdim edəcək.

Ədliyyə Nazirliyinin bu gün təqdim edilən  “ƏN TEZ” xidmət konsepsiyası da innovativ bir yanaşmadır və  hazır sənədlərin yerindəcə verilməsi prinsipinə əsaslanır.

Ümumiyyətlə, müşahidələr göstərir ki, Ədliyyə Nazirliyində rəqəmsal transformasiya prosesləri yetərincə sürətli aparılır. 

Hazırda Nazirliyin 400 min istifadəçisi olan “Mobil notariat” tətbiqi ən populyar və faydalı rəqəmsal hökumət həllidir.

Ədliyyə Nazirliyi rəhbərliyinin, qurumun İKT komandasının və qurumla dövlət-özəl tərəfdaşlıqla işləyən İT şirkətlərin səyləri olduqca təqdirəlayiqdir.

Nazirliyin rəhbərliyini, bütün əməkdaşlarını, xüsusilə də rəqəmsal komandanı peşə bayramı münasibətilə təbrik edirik.

 





22.11.2022    çap et  çap et