Vaxt.Az

Bakının çəkisini artıran 4 amil


 

Təl-Əvivin Azərbaycana ən müasir silahların ixracı üçün zəmin

Bakının çəkisini artıran 4 amil Azərbaycanla İsrail arasında son bir həftədə telefon diplomatiyası ilə təmaslar güclənib, bunun ikitərəfli əlaqələrdə dayanan çağırışların icrası ilə yanaşı, regional proseslərlə bağlı tərəfləri də çoxdur.

İqtisadi alətlər siyahısına yenilərinin əlavə edilməsi və bunun strateji əlaqələrin möhkəm iplərlə bağlanması üçün vasitəyə çevrilməsi ikitərəfli gündəliyin aktual mövzularından biridir.

Birincisi, İsrail Azərbaycandan neft tədarük edir, Təl-Əviv buna görə Xəzər dənizinin Azərbaycan seqmentinə xüsusi önəm verir, zəngin ehtiyatlara malik olan, İran və Rusiya ilə həmsərhəd dəniz zonasının strateji əhəmiyyətini anlayır.

İkincisi, İsrailin Azərbaycandan taxıl idxal etməkdə maraqlı olduğu məqam onun Bakıya olan strateji marağına çəki qazandırır.

İsrail Azərbaycanın işğaldan azad edilmiş ərazilərində taxıl yetişdirilməsi üçün infrastrukturun yaradılmasına, bu istiqamətdə ən müasir texnologiyaların tətbiqinə yatırım etmək çağırışı ilə rastlaşır. Ancaq ortada bir düyün var ki, onu açmaq lazımdır, söhbət taxıl əkilməsi üçün daha geniş ərazilərə olan tələbatdan gedir ki, burada da mina problemləri üzə çıxır. İsrail Qarabağda və Şərqi Zəngəzurdakı minatəmizləmə əməliyyatlarına, yenidənqurma işlərinə daha çox pul xərcləyə bilər ki, istədiyi planın doldurulması əlçatan olsun.

Azərbaycan-İsrail prioritetlərindəki indi qeyd edəcəyimiz üçüncü istiqaməti yuxarıda dediyimiz iki amil fonunda izah etmək lazımdır. Məhz həmin iki faktor iki ölkə arasındakı hərbi-texniki, hərbi-siyasi, kəşfiyyat sahəsindəki əməkdaşlıqda yeni səhifələr açmağa gətirib çıxarır.

Çünki İsrailin Azərbaycanın iqtisadi panoramına olan marağı təhlükəsizlik sahəsindəki mühitin firavanlığa əsaslanmasını şərtləndirir.

Xəzər dənizinin və işğaldan azad olunmuş ərazilərin bir hissəsinin İranla həmsərhəd olması İsrailin öz rəqibi olan İslam Respublikasına qarşı manevrlərinə əlverişli alternativ coğrafiya təqdim edir.

İranın regional təhlükəsizlik aurasını zəhərləməsi cəhdləri və bunun üçün bütün qüvvələrini səfərbər etməsi fonunda Azərbaycanla İsrailin təhlükəsizlik sferasındakı əməkdaşlığını dərinləşdirməsi başadüşüləndir. Hətta Türkiyənin də iştirakı ilə üçtərəfli formatda platforma qurulması diqqət mərkəzində imiş kimi görünür.

Azərbaycanla İsrail İranın regionda hegemonluq etmək sevdasının üzərindən xətt çəkdirən bir konfiqurasiya qururlar və Tehrandan son günlər Bakıya yönələn isti mesajların bir səbəbi də onun İsrail amilindən çəkinməsi ilə əlaqəlidir.

İsrail İranla sərhəd olan ölkələrə xüsusi diqqətlə yanaşdığından deyə bilərik ki, o, Azərbaycana növbəti partiya ən müasir silahları ixrac edəcək və Xəzər dənizinin təhlükəsizliyinin qorunması üçün özünəməxsus ideallar formalaşdıracaq.

Dördüncüsü, İran kəşfiyyatı yenə yəhudi iş adamlarını, diplomatları öldürmək və ya qaçırmaq ssenarilərini aktivləşdirib və bunun miqyasını Cənubi Qafqaz regionuna gətirib. Gürcüstanda Gürcüstan-İsrail Ticarət Palatasının prezidenti İtzik Moşeyə qarşı sui-qəsd planlaşdırılması da təhlükənin motivlərini göstərir.

Ona görə də Azərbaycanla İsrail arasında koordinasiyalı kəşfiyyat mexanizmlərinin yaradılması və əks-kəşfiyyat proqramlarının hazırlanması aktuallıq kəsb edəcək.

İsrail İranın Azərbaycana qarşı təxribat planlarının ifşasında rol oynayacaq və Tehranın istifadə etdiyi mənbə ölkələrdəki şəbəkəsi barədə Bakını məlumatlandıracaq.

 





22.11.2022    çap et  çap et