“Bu, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının toplantısıdır, yəni Avropada təhlükəsiz olmağın vacib olduğunu düşünən ölkələrin görüşüdür və Rusiya buna qarşıdır”, – deyə Yablonski bildirib.
Lavrovun iştirakına icazə verilməməsi olduqca diqqət çəkən hadisədir. Bunun təkcə Polşanın, yoxsa daha çox dövlətin qərarı olub-olmadığı məlum deyil.
Bir neçə gün əvvəl ABŞ dövlət katibi Blinkenin Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə telefon danışığı olub. Bu zaman Lavrovun iştirakı məsələsinin müzakirə olunub-olunmaması məlum deyil. ABŞ bu məsələdə Polşanı həvəsləndirib, yoxsa Varşavanın belə bir addım atmasına qarşı çıxıb?
Şübhə yoxdur ki, ATƏT həqiqətən də Ukrayna müharibəsi ilə bağlı böhran vəziyyətindədir. Eyni zamanda qeyd etmək lazımdır ki, həmin strukturda ən ciddi böhran dalğası 2012-ci ildən etibarən özünü göstərir.
Bir neçə gün əvvəl ABŞ Konqresində konqresmenlərin suallarını cavablandırarkən Dövlət Departamentinin Qafqaz üzrə baş müzakirəçisi Filip Riker bildirib ki, Minsk Qrupu artıq işləmir və konsensusla bu mandat ləğv oluna bilər. ATƏT-in Minsk Qrupunun artıq mənasız qurum olduğu hamıya məlum məsələdir.
ATƏT ləğv oluna bilərmi? Şübhəsiz, Minsk Qrupunun fəaliyyətsizliyi ATƏT-in dağılmasını sürətləndirən prosesdir.