Vaxt.Az

Renard – qələbənin memarı


 

Basqının son həddə çatacağını bilirdi

Renard – qələbənin memarı Birmənalı, mundialın ilk günlərində ən böyük sensasiyadır. Qarşıdakı matçlarda belə hallar yaşanmasa, bu oyun çempionata öz damğasını vuracaq. Gözlənilməz nəticə alınsa da, təsadüfi deyildi. Müasir futbolun elementlərini özündə birləşdirən, böyük əziyyətlə qazanılan layiqli qələbədir!

İlk dəqiqələrdən hiss olunurdu, Səudiyyə Ərəbistanı ən azı üç komponentdə çempionatın favoritlərindən biri sayılan Argentinanı üstələyirdi. Fiziki, psixoloji hazırlıq və buna uyğun cəsarətli taktiki quruluş, fantastik komanda oyunu, intizam, xətlərarası əlaqə, sinxronluq, futbolçuların bir-birilərini vaxtında sığortalaması, meydanda hər qarış uğrunda sona kimi mübarizə...

Argentina millisi görüşə heç də başdansovdu yanaşmamışdı. Başlanğıcda ən böyük səhv, VAR-n axtarıb tapdığı şablon penalti hədiyyəsindən sonra oyunun tempini aşağı salmaları oldu ki, rəqib hakim haqsızlığından sonra sarsılsa da, özünə gəlməyə vaxt qazandı. Qoldan sonra argentinalılar ruhən oyunu bitmiş saydılar...

Matçdan nisbətən qopan, az enerji ilə qələbəni təmin etmək istəyən Cənubi Amerikalılar ərəblərin qarşılaşmaya necə kökləndiyini unutmuşdular. Müasir futbolda rəqibin digər keyfiyyətləri yerindədirsə, heyətində Messi olsa belə, tək texniki ustalıqla nəticəni təmin etmək mümkünsüzdür!

Futbolçularla birgə qələbənin əsas memarı baş məşqçi Renardır. Kağız üzərində qorxunc rəqibə qarşı oyunçuları bu səviyyədə hazırlamaq, taktiki quruluşuna, fəlsəfəsinə inandırmaq böyük futbol biliyi, təhlil qabiliyyəti, qorxmazlıq, inanılmaz özünəinam, fədakarlıq tələb edir...

Futbol qaydalarında dəyişikliklərədən sonra “süni ofsayd” anlayışı çoxdan tarixin yaddaşına köçüb. Günümüzdə bunu həyata keçirmək müdafiədə futbolçuları “pleysteyşen” kimi oynatmağı bacarmalısan və oyunçularına inanmalısan...

İstənilən halda, texnoloji futbolun dinamikasına uyğun deyil, çox riskli addımdır və qarşıdakı görüşlərdə rəqiblər taktiki gedişlərlə cinahlardan, hücum və mərkəzdən yayındırıcı gedişlərlə qapını “aşsüzənə” çevirə bilərlər.

Argentina buna hazır deyildi və  tez-tez “tələyə” düşürdü.

 Ərəblər  kapitanlarını itirdikdən sonra da “sınmadılar”, fasilədə edilən korrektələrlə layiq olduqları qollarını vurdular. Ən önəmlisi, Səudiyyə Ərəbistanı təmsilçiləri zərrə qədər də qarşısındakı top-futbolçulardan çəkinmirdilər...

Baş məşqçilərinin görüşün sonuna 15-20 dəqiqə qalmış zərgər dəqiqliyi ilə edilən əvəzetmə ilə 4-lüdən 5-li müdafiəyə keçməsi oldu. Bilirdi ki, finişdə əzəmətli Argentinanın basqısı son həddə çatacaq...

Səudiyyə Ərəbistanı tək Argentinaya gücünü göstərmədi, VAR-la birgə Atlantik okeanı sahillərinə açıq simpatiya göstərən baş hakim üzərində də qələbə qazanmış oldu. Belə tempdə davam etsələr, minimum qrupu adlaya bilərlər...

***

Mundialın Qətərdə keçirilməsi birmənalı qarşılanmır. Təbii, ölkənin kiçik olması, iqlim şərtləri, əhali sayı və s. amillər müzakirə obyekti ola bilər. Obyektiv, subyektiv fikirlərlə yanaşı anti-təbliğat aşırı dərəcədədir. Nə qədər deyilsə də ki, futbol siyasətdən, dini ayrı-seçkilikdən uzaqdır, reallıqda fərqli mənzərə yaranır...

Dünyada “təbliğat maşını”nın əl-ayağa düşməsi, əsas səbəb - islam dünyasına olan qəzəbdir. İllərlə formalaşdırılmış “müsəlman başkəsən” obrazı, mifi dağılmaqdadır. Dünya şahidlik edir, kiçik bir müsəlman ölkəsi yüksək səviyyədə, planetar masştabda mundial təşkil edir... Və bu, bir ay ərzində hər gün davam edəcək, müsəlman dünyası hər evdə qonaq olacaq...

Xərclənən 200 milyard dollardan çox vəsait yanlış olaraq çox müzakirə edilir. Xərclənmiş maliyyənin 15-20 faizi futbolyönümlüdür. FİFA-nın çox sərt təşkilati tələbləri var. Qətər dövləti mundialdan istifadə edərək bütün ölkəni yenidən qurdu. Stadionlarla yanaşı infrastruktur yeniləndi, hava limanları, metro, otellər, yollar, hətta yeni şəhər salındı. Bunlar ölkənin inkişafını, gələcəyini təmin edir...

Qətərdə vaxtilə Cənubi Afrika ölkəsində keçirilmiş dünya çempionatı kimi özbaşınalıqlar, oğurluq, digər ciddi problemlər heç vaxt yaşana bilməz!

Futbol böyük qüvvədir!

Dünya çempionatları hər dəfə unudulmaz hadisəyə çevrilir, planetin hər yerində maraqla, kütləvi şəkildə izlənilir, tək futbol adına deyil, fərqli mədəniyyətlər bir-birinə qarışır, özlərini göstərmək şansı qazanırlar. Bu gün Qətər tək özünü yox, bütün islam dünyasını təmsil edir...

Müsəlman aləminin yeni mərhələyə qədəm qoyması, dünyada daha üst səviyyədə layiqli yerini tutması üçün xərclənən milyardlar mənəvi olaraq tam olaraq özünü doğruldacaq!

Açılış oyununda “yanan” Qətər, Seneqalın məğlubiyyəti, daxili vəziyyətə etiraz edən İran futbolçuları fonunda islam/müsəlman dünyasının futbol mədəniyyəti sarsılmışdı, Səudiyyə Ərəbistanı qazandığı möhtəşəm və layiqli qələbəsi ilə bu inamı qaytarmış oldu!

Davamı gəlsin...

 





22.11.2022    çap et  çap et