Vaxt.Az

Putin kritik qərar astanasında


 

İrəvandan əlini çəkir, yoxsa Bakıyla savaşa girir?

Putin kritik qərar astanasında “Vladimir Putin Ermənistan səfəri zamanı çalışacaq ki, burada əsas rəsmi İrəvanın mərkəzdən qaçma meyillərinin önünü alsın”. Bunu siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, Putin üçün Ermənistan səfəri çox çətin keçəcək:

“Ermənistan hakimiyyəti son vaxtlar açıq şəkildə Rusiyadan uzaqlaşıb, Qərbə doğru yaxınlaşmağa çalışır. Bu əslində Paşinyanı hakimiyyətə gətirən Paşinyan inqilabını maliyyələşdirən Qərbin Soros-liberal qanadlarının əslində tələbidir.

Paşinyan qarşısındakı birinci tələb Qarabağ və Ermənistan-Azərbaycan məsələsi deyil, Ermənistanı Rusiyanın orbitindən çıxarıb Qərbə aparmaq, Qərbə inteqrasiya etməkdir. Paşinyan da buna çalışır və bununla bağlı Ermənistan baş nazirinin əlinə çox yaxşı bəhanə düşüb. 

Paşinyan birinci dəfə Qarabağ kartından istifadə etdi: Guya Azərbaycan Qarabağa hücum edir, Rusiya onu müdafiə etmir. Və bu məsələ ilə bağlı aydın məsələdir ki, Qarabağ Azərbaycanın tanınmış ərazisi olduğu üçün KTMT səviyyəsində Rusiya ona cavab vermədi. 

Daha sonra isə Azərbaycanın guya Ermənistana hücum etməsi, Ermənistan sərhədlərini pozması məsələsi qabardıldı. Ermənistan başladı ki, “Qarabağ artıq bizi nə Qarabağda qorudu, nə də Ermənistan ərazisinə olan hücumdan bizi qoruyur. Ona görə də biz KTMT-dən çıxmalıyıq” ritorikasını işə salmağa. 

Paşinyan hətta Şanxay Əməkdaşlıq Təşkilatının görüşünə və digər bir sıra görüşlərə qatılmadı və açıq şəkildə Rusiyaya narazılığını ortaya qoydu. Putin isə necə də olsa Ermənistanın Rusiyadan bu uzaqlaşmasının qarşısını almağa çalışır. 

Burada artıq Ermənistanın da, Azərbaycanın da tələbləri konkretdir. Ermənistan konkret şəkildə tələb edir ki, Rusiya ona Azərbaycanla sərhədlərin delimitasiyasında və Qarabağ məsələsində dəstək versin. Aydın məsələdir ki, Putin Ermənistanın MTMT-dən çıxmasının qarşısını almaq üçün, İrəvanın bu mövqeyini yumşaltmaq üçün, KTMT-nın dağılmasının qarşısını almaq üçün müəyyən güzəştlərə getməyə məcburdur. 

Azərbaycan da Rusiyadan açıq şəkildə tələb edir:


1. Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri tərksilah edilsin;

2. Zəngəzur dəhlizi açılsın;

3. Sülhməramlıların vaxtının bitməsinə az qaldığından onlar da artıq Azərbaycanın Qarabağın dağlıq hissəsindəki suverenliyini təmin etsinlər ki, artıq ərazidən çıxarkən həmin yerləri hər hansı bir maneə ilə qarşılaşmadan Azərbaycana təhvil verə bilsin.


Soçidə rəsmi Bakıya təklif olunsa da, Azərbaycan sülhməramlıların daha artıq Qarabağda qalmasını istəmir.

Belə olan halda Putin üçün Ermənistanda KTMT iclasında çox çətin olacaq. Rusiya dövlət başçısı orada elə bir fikir irəli sürməlidir ki, həm Azərbaycan, həm də Ermənistan tərəfi bundan qane olsun. Nə Ermənistan KTMT-dən çıxıb yeni yol tutmağa çalışsın, nə də Azərbaycan Rusiyaya qarşı açıq-aydın şəkildə mövqe alsın”.

Qeyd edək ki, Putin bu gün Ermənistana gedir. O KTMT-nin sammitində iştirak edəcək. (Milli.az)

 





22.11.2022    çap et  çap et