Bizdə nə baş verir? Ölkənin yazıçı və şairləri saytlar vasitəsilə söyüşürlər. Gənc nəsil belə ifadələrdən hansı dərsləri götürə bilər. İki tanınmış yazıçının bir-birilərinə qarşı işlətdikləri ən yumşaq ifadələr:
Əkrəm Əylisli: “Həmin qurultay gözdən pərdə asmaq, gözə kül üfürmək sahəsində böyük təcrübə sahibi olanların növbəti səlib yürüşü idi. Mən elə bilirdim ki, bu mütrüfanə revanşdan (? - A.) sonra Anar nə etdiyini düşünüb heç olmasa, bir müddət susacaq. Amma Anar susmur, daha da cürətlənib özünəməxsus üslubda, hər sətrindən naftalin iyi gələn üstü bəzək, altı təzək müsahibələr verir”.
Anar: Mənim “iblisanə əməllərim” haqqında Ə.Əylisli bircə konkret fakt gətirə bilərmi? Əlbəttə, gətirə bilməz. Yəqin onun aləmində İblis əməlləri mənim də, başqa namuslu yazıçılarımız kimi Əylislinin Milli Məclisdə səsləndirdiyi “Gərək torpaqlarımızın bir qismini ermənilərə güzəştə gedək. Həqiqətən də Əkrəmin hədsiz-hüdudsuz erməni sevdası yeni bir “Əsli-Əkrəm” dastanında əks olunmağa layiqdir.
Mənə xoş münasibət bəsləyən, etibarsızlıq etməyən hər kəs anında Ə.Əylislinin gözünün düşməni olur.
Bizim yazıçılar saytlar vasitəsilə belə məktublaşırlar.
Anarın Yazıçılar Birliyinə sədr seçilməsi qəbahət deyil. Yazıçı və şairlər 35 ildir ki, onun üzərində dayanırlar. Sual yaranır. Yazıçılar Birliyi nə etməlidir ki, yaxşı əsərlər ortaya çıxsın? Yazıçılar Birliyi yaxşı əsərləri dünya çapına çıxara bilirmi? Yazıçılar Birliyi istedadlı gənclərə dəstəyi artıracaqmı? Yaxşı əsərlər tapşırıq və zorən yaranmır. Böyük şair Nobel mükafatı laureatı İosif Brodskinin məhkəməsindən bir məqamı xatırladım:
Hakim: Ümumiyyətlə, sizin sənətiniz nədir?
Brodski: Şair, şair- tərcüməçi.
– Sizin şair olmağınızı kim tanıyıb, sizi şairlər sırasına kim daxil edib?
– Heç kim. Onda məni insanlar sırasına kim daxil edib?
– Siz haradasa bunu öyrənmisinizmi?
– Nəyi?
– Şair olmağı. Bunu hazırlayan ali məktəbə daxil olmağa cəhd göstərmisənmi?
– Mən inanmıram ki, bu, təhsillə verilsin.
– Bəs haradan verilir?
– Mən hesab edirəm ki, bu, Allahla bağlıdır.
Ateizmin ətalətindən güclə çıxa bilmişik. Allahla bağlı yazıçı və şairlər kimlərdir? Olanları da o qədər tərifləmişik ki, artıq heç nə yazmırlar. Allah və kitab köməyimiz olsun...