Vaşinqtonda keçirilən görüşlərin əsas mövzusu İranın nüvə proqramı olub. General Aviv Koxavi sanksiyalara baxmayaraq İranın nüvə proqramını inkişaf etdirdiyinə diqqət çəkib və Tehranın nüvə silahına malik olmasının qarşısını almaq üçün tələsməyə çağırıb. Ağ Ev rəsmiləri Aviv Koxavini əmin ediblər ki, ABŞ prezidenti İranın nüvə silahı əldə etməsinə imkan verməmək öhdəliyinə sadiqdir. .
ABŞ Mərkəzi Komandanlığı yəhudi əsilli milyader İdan Oferin şirkətinə məxsus “Pacific Zircon” tankerinə qarşı noyabrın 15-də Oman körfəzində edilən hücumun arxasında İranın dayandığını təsdiq edən faktları İsrailə təqdim edilib. İran ordusu “Pacific Zircon” tankerinə Şahed-136 dronu ilə ilə zərbə endirib. ABŞ ordusunun Bəhreyndəki bazasının laboratoriyasında dronun toplanmış fraqmentləri, partlayıcı maddələrin qalıqlarının analizi ilə sübut edilib ki, tankerə həqiqətən “Shahed-136” dronu ilə zərbə endirilib.
Ukraynadan sonra daha bir coğrafiyada İranın “Shahed-136” ilə əzələ nümayiş etdirməsi Tehrana qarşı güc tətbiqini zərurətə çevirib. Proseslər İranın hərbi gücünün dağıdılması istiqamətinə gedir. İrandakı etirazlar bu vəzifənin həyata keçirilməsi üçün çox əlverişli şərait yaradıb. İranın nüvə proqramının və Tehranın təcavüzkar davranışının qarşısının alınmasında israrlı olanlar bu əlverişli şəraiti əldən qaçırmamaqda təkid edirlər. Tehran yaxın zamanlara siyasətində ciddi dəyişiklik etməsə və Avropanın müqaviməti zəifləsə yaxın zamanlarda İranın nüvə obyektlərinə, eləcə də hərbi bazalarına zərbə endirilməsinin şahidi olacağıq.