İlon Mask “Twitter” şirkətini aldıqdan sonra, şirkəti 100-ə yaxın iri reklam sifarişçiləri tərk edib. 2020-ci ildən bu şirkətlərin “Twitter”ə reklam üçün yatırımları 2 milyard dollara yaxın olub. Təkcə 2022-ci ildə bu şirkətlər reklama görə “Twitter”ə 750 milyon dollar ödəyiblər.
Tərk edənlər arasında “Chanel”, “Wells Fargo”, “Verizon”, “The Coca-Cola Company”, “Nestle”, “HP”, “Dell”, “AT&T” və “American Express” kimi nəhənglər var.
“Twitter”in səhmləri birjadan delist olunub və hal-hazırda səhmlərin real dəyərini bilmək mümkün deyil.
Bu itkilərinə baxmayaraq, İlon Mask şirkətin reputasiyasına xələl gətirən təhlükəli hərəkətlərini davam etdirir. O cümlədən konspiroloji dedi-qoduları daha da gücləndirirək, keçmiş prezident Donald Tramp kimi qadağan olunmuş hesabları birtərəfli qaydada bərpa edir. İfrat sağçılarla görüşür. Ekstremistlərə və fırıldaqçılara “mavi tık”ı pulla almağa imkan verən təsadüfi yoxlama sxemini yaradır.
Xüsusən, bu son yoxlama sistemi, platformada müxtəlif saxtakarlıqlara və brend təqlidlərinə imkan yaradıb. Bir çox hesablar “mavi tık” alaraq “Pepsi Co” və “Eli Lilly” kimi şirkətləri təqlid edərək “spoofing”lə məşğul olmağa başlayıblar. İlon Maskın özünü isə məsxərəyə qoymaq üçün “mavi tıklı” “Tesla” adlı bir hesab isə zavodda uşaq əməyindən istifadə etdikləri barədə yazılar yazmağa başlayıb.
Maskın bərbad “Twitter” idarəçiliyi artıq ABŞ dövlət rəsmilərini və informasiya təhlükəsizliyi, rəqəmsal kriminalistika laboratoriyalarını narahat etməyə başlayıb. “The Washington Post”un müxbiri “mavi tık”lı hesabdan bir siyasətçini təqlid edərək, bunun mümkün olduğunu sübut edib. Bundan sonra senator Edvard Marki, İlon Maska yazdığı məktubunda “Həqiqəti pulla satmaq təhlükəli və qəbuledilməzdir”, – deyə biznesmenə iradını bildirib.