Sonuncu Soçi görüşündən sonra Paşinyanın Azərbaycanla yekun sülh müqaviləsi imzalamaqdan imtinası Ermənistanın Qərblə də münasibətlərində gərginliyə səbəb olub. Paşinyanın bu davranışı Qərbin qəyyumluğuyla başladılan sülh danışıqları prosesini darmadağın edir. Erməni mətbuatının yazdığına görə noyabrın ortalarında ABŞ dövlət katibi Blinkenlə Paşinyan arasında olan telefon danışığı çox sərt keçib. Blinken Paşinyandan sülh danışıqları prosesini pozmamağı, yekun sülh müqaviləsini imzalamağı tələb edib.
Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi elan etmiş İrandan da Ermənistana indiki halda haray olmayacaq. Qafanda konsulluq açmasına, Arazın o tayında hərbi təlimlər keçirməsinə Azərbaycanın Güney Azərbaycan məsələsinə gündəmə gətirməklə və İsraildə səfirlik açmaqla cavab verməsi İranın yanını yerə qoyub. Hazırda İran Azərbaycanla münasibətləri normallaşdırmaq üçün ilan dili çıxarmaqdan, təlxəklik etməkdən (Ələkbər Vilayətinin yazısı) belə çəkinmir.
Göründüyü kimi Ermənistan özünü macəraçı davranışlarıyla tam təklənmiş vəziyyətə salıb. Bu vəziyyətdən Azərbaycan maksimum yararlanmalı və Ermənistanı sülhə məcburetmə tədbirlərinə əl atmalıdır. 10 noyabr Bəyanatının icrasını təmin etməlidir.
Azərbaycan ilk növbədə Xankəndi üzərində suverenliyinin təmin edilməsi məsələsini bitirməlidir. Bu istiqamətdə son 20 gündə atılan addımlar məntiqi sonluğa çatmalıdır. Azərbaycan təzyiqlərini artıracağı təqdirdə Rusiyanın müqaviməti qırılacaq. Bunun artıq ilkin əlamətləri də görsənməkdədir. Son bir həftədə Putin iki dəfə Əliyevə zəng edib. Xankəndindəki qondarma rejimin daxilində hansısa proseslər gedir. Vitali Balansanyan qondarma rejimin hərbi qanadının ləğv edilməsinin onlar üçün faciəvi nəticələrindən danışıb. Azərbaycan Ordusu son günlər Rusiya “sülhməramlıları”nın məsuliyyət zonasında əməliyyatlar keçirib. Ağdamdakı Türkiyə-Rusiya Monitorinq mərkəzinin komandanları Azərbaycanın dəvətiylə Sarıbaba yüksəkliyində Azərbaycan Ordusunun mühəndis-istehkam qüvvələrinin aşkarladığı və Xankəndindəki qondarma rejim tərəfindən basdırılmış minalara birgə baxış keçiriblər. Son günlər bu baş verənlərin Azərbaycanın sonuncu Soçi görüşündən sonra Xankəndi məsələsini gündəmə gətirməsinin fonunda baş verdiyi nəzərdən qaçırılmamalıdır. Azərbaycan Xankəndiyə görə Rusiyaya qarşı “qamçı və kökə” siyasətini davam etdirsə, Rusiya ən azından Ruben Vardanyanı oradan çıxara, qondarma rejimin hərbi qanadını ləğv edə, hətta Xankəndini Azərbaycana vaxtından əvvəl də təhvil verə bilər. Paşinyan da bunun üçün əlindən gələn hər şeyi edir.
Paşinyanın noyabrın ortalarından dünənədək atdığı addımlar dalana dirənmiş Zəngəzur dəhlizinin açılması məsələsini də həll etmək üçün Azərbaycana əlverişli şərtlər təmin edir. Dünən Paşinyanla keçirdiyi ikitərəfli görüşdə Putin xüsusi vurğuyla Zəngəzur dəhlizinin açılması və 10 noyabr Bəyanatına əməl etməyin vacibliyindən danışdı. Sadə dilə tərcümədə Putin Paşinyana “öhdəliklərə əməl etməsən səni Azərbaycana əzdirəcəm” dedi. Ola bilsin Putinin Paşinyana bu dedikləri özünə qarşı İrəvanda edilən hörmətsizliklə bağlıydı. Səbəbinin nə olmasından asılı olmayaraq, Putinin dünən Paşinyana dedikləri Azərbaycana yandırılan yaşıl işıq idi.
Xankəndi məsələsini bitirdikdən sonra Azərbaycan dərhal Ermənistanın işğalı altındakı Sədərək rayonunun Kərki kəndi və Qazax rayonunun Yuxarı Əskipara, Bərxudarlı və Sofulu kəndlərini azad etmə əməliyyatlarına başlaya bilər. Bu əməliyyatlar Ermənistanı Zəngəzur dəhlizini açmağa vadar edəcək, Ermənistanın strateji əhəmiyyətli yolları üzərində nəzarətini itirməsiylə nəticələnəcək. Kərkinin azad edilməsi əməliyyatı İrəvanın ölkənin cənub-şərq və İranla birləşdirən “E117” yolunu bağlayacaq. Yuxarı Əskipara, Bərxudarlı və Sofulu kəndlərinin azad edilməsi isə Ermənistanın şimal-şərq hissəsini Karvansaray (İcevan)-Barana (Noyemberyan)-Gürcüstanla birləşdirən “H53” və “M4” yollarını bağlayacaq. Bu əməliyyatlara görə Azərbaycanın üzərinə Qərb tərəfindən formal baxımdan sanksiyaların qoyulması çətin olacaq. Sözü gedən kəndlər Azərbaycanın ərazisidir. Azərbaycanın işğal altındakı ərazilərini işğaldan azad etməsi onun müdafiə hüququ çərçivəsindəki atdığı addım olacaq. Avropanın Azərbaycanın enerji resurslarından asılılığı da sanksiyaların tətbiqini çətinləşdirən faktorlar sırasındadır.
Odur ki, Azərbaycan yaranmış vəziyyətdən maksimum bəhrələnməli, Xankəndi üzərindəki suverenliyini və Zəngəzur dəhlizinin açılması məsələsini həll etməlidir.