Vaxt.Az
«İranda hər ağızdan bir avaz gəlir»
Natiq Miri: «İranda vahid hakimiyyət komandası yoxdur»
İran XİN-in strateji məsələlər üzrə baş eksperti, Ermənistanda keçmiş səfir Məhəmməd Fərhad Kuleyni İsrail və Azərbaycanın hərbi-texniki əməkdaşlığının fəallaşmasının həm İranda, həm də Ermənistanda həyəcana səbəb olduğunu bildirib.İranlı ekspert hesab edir ki, israillilərin yeganə məqsədi Azərbaycanın İranla münasibətlərinə təsir göstərmək, İran ətrafında müharibə meydanı yaratmaq və regionda təsirini gücləndirməkdir.
Məhəmməd Fərhad Kuleyninin sözlərinə görə, bu əməkdaşlığın başlanğıcı 2008-ci ildə Cənubi Osetiyada Rusiya-Gürcüstan silahlı münaqişəsi ilə qoyulub: «Bundan əvvəl İsrail Tbilisi ilə hərbi sahədə sıx əməkdaşlıq edirdi. Lakin Cənubi Osetiyada silahlı münaqişə İsrailin strateji xəttini Bakıya çevirdi. İsrail bu məsələdə Rusiyanın həssaslığını diqqətə alır və Moskva ilə zəruri danışıqları aparıb. Azərbaycan-İsrail əməkdaşlığı İran üçün təhlükə yaratmır. Amma bu, regionda çətinliklər yarada və qarşıdurmaları gücləndirə bilər».
Publika.Az-a açıqlamasında Milli Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirib ki, İranın özü də ciddi surətdə silahlandığından adıçəkilən ekspertin narahatlığını başa düşmək olar.
İranın ən müasir raket sistemləri istehsal etdiyini deyən politoloq bu ölkənin nüvə silahı əldə etmək cəhdlərinə görə dünya gücləri tərəfindən ittiham olunduğunu da diqqətə çatdırıb.
Natiq Miri hesab edir ki, Azərbaycan öz torpaqlarını azad etmək, eyni zamanda indiki silahlanma çərçivəsində öz təhlükəsizliyini təmin etmək üçün hansısa ölkələrdən silah almalıdır: «Bu gün ən müasir silahlar bir sıra ölkələrdə olduğu kimi İsraildə də istehsal olunur. Nəzərə almaq lazımdır ki, Qərb ölkələrinin əksəriyyəti Azərbaycana silah satmaqdan imtina edirlər. Rusiyadan isə köhnə və bahalı silah almaq da məqsədəuyğun deyil. Çünki Rusiya həmin silahların başqa bir formatını Ermənistana hədiyyə verməklə balansın saxlanılmasına cəhd edir. Təbii ki, bu yöndə Azərbaycanın maraqlarına uyğun olduğu üçün İsraillə əməkdaşlıq edilməsi normal bir haldır. Bunu İran özü üçün təhlükə hesab edirsə, bu, İranın problemidir. Çünki İranın özü də Azərbaycanın təhlükəsizliyini təhdid edən bəyanatlarla çıxış edir. Əksinə, İran silahlanmanı dayandırmalı və qonşu Azərbaycanla münasibətlərini yaxşılaşdırmağa cəhd etməlidir. Bu cür təhdid xarakterli bəyanatlar olacaqsa, təbii ki, Azərbaycan öz müdafiə qabiliyyətini gücləndirmək məcburiyyətində qalacaq. İsrail region üçün hər hansı bir təhlükə törətmir. Sadəcə olaraq, Azərbaycanla hərbi əməkdaşlıq edir. Azərbaycan da bu əməkdaşlıqdan hərbi məqsədlərini təmin etmək üçün yararlanır».
Maraqlı məqam isə ondan ibarətdir ki, İran rəsmilərinin verdikləri bəyanatlar sonradan rəsmi Tehran tərəfindən onların şəxsi mülahizələri kimi təqdim olunur. Təsadüfi deyil ki, bu məqamı bir neçə gün bundan əvvəl Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da səsləndirmişdi.
Natiq Miri bildirib ki, bu, İranda vahid hakimiyyət komandasının olmaması ilə bağlıdır: «İranda hazırda 4 güc mərkəzi fəaliyyət göstərir. Bunlar hökumət, parlament, İran İslam Keşikçilər Korpusu və dini ruhanilərdir. Buna görə də, hər ağızdan bir avaz gəlir, dövlət olaraq ortada vahid bir fikir yoxdur. Müxtəlif güc mərkəzləri olduğu üçün birinin bəyanatını digər güc mərkəzi təkzib edir. Hansı güc mərkəzinin maraqlarının hansı «qırmızı xətt»ə qədər olması bilinmir».
31.12.2012 çap et