Vaxt.Az

Ukraynada antikorrupsiya əməliyyatı başladı


 

Yeni hökumət eyni zamanda 25 may prezident seçkisinə hazırlaşır

Ukraynada antikorrupsiya əməliyyatı başladı Ukrayna 25 mayda keçiriləcək prezident seçkilərinə hazırlaşır. Aprelin 1-də Ukrayna Mərkəzi Seçki Komissiyası “Sağ sektor”un lideri Dmitri Yaroşun namizədliyinin qeydə alınmasından imtina edib. MSK-dan bildiriblər ki, bunun üçün öncə Yaroşun seçki kampaniyasına xərcləyəcəyi pulların qaynağı araşdırılmalıdır. (musavat.com)

Qeyd edək ki, Ukrayna qanunlarına görə, namizədliyini müstəqil qaydada irəli sürən namizəd banka 2,5 milyon qrivna girov qoymalıdır. Yaroş həmin məbləği banka qoyub və sənədləri MSK-ya təqdim edib. Ancaq MSK-da hesab edirlər ki, bu qaynaq o qədər də şəffaf deyil.

Ukraynanın yeni hökuməti hesab edir ki, Krımı almaqla sakitləşməyən Rusiya prezident seçkilərini pozmaq üçün plan cızır. Bu haqda Ukraynanın keçmiş müdafiə naziri Yevgeni Marçuk da Kiyevdə keçirdiyi mətbuat konfransında danışıb. Onun sözlərinə görə, Rusiya şərq vilayətlərində pozuculuq fəaliyyətini bundan sonra da davam etdirəcək: «Rusiya qoşunlarını Ukrayna sərhədlərindən çəkdiyini bildirsə də NATO-nun araşdırmaları bunun əksini göstərir. Krım gərginliyindən sonra Ukrayna Silahlı Qüvvələri də artıq özünə gəlib. Ona görə də Rusiyanın şərq vilayətlərinə açıq silahlı hücum planları hazırlayacağı gözlənilən deyil. Rusiya anlayır ki, əgər hücum etsə, hər iki tərəfdən xeyli qan axacaq. Ona görə də Rusiya iki yöndə çalışır. Bunlardan birincisi, prezident seçkilərinin bütün mümkün vasitələrlə qarşısının alınması, ikincisi, prezident seçkilərindən sonra yeni prezidentin öz səlahiyyətlərinin icrasına imkan verilməməsidir. Bu, seçki günü sərhəddə konflikt yaradılması ilə həyata keçirilə bilər».

Ukraynanın daxili işlər naziri Arsen Avakov Dövlət Vergi Xidməti Universitetin keçmiş rektoru Pyotr Melnikin həbs edildiyini bildirib. Nazir xəbəri Facebook profilində paylaşıb: ««Vergi rektor»u  Melniki həbs etdik. Yadınıza gəlirmi, Yanukoviç dönəmində ev dustaqlığından qaçıb yoxa çıxmışdı. Onu Londondan dönərkən həbs etdik. Köhnə rejimin qurbanına o qədər də oxşamır. Qanun qaydasında yoxlayacağıq».

Unian.net xəbər verir ki, Melnik 2013-cü il iyulun 27-də 2 Ukrayna vətəndaşından övladlarının universitetə qəbul olması üçün 120 min qrivna rüşvət alarkən həbs edilmişdi.

Avakov Odessada iqtisad məhkəməsinin hakiminin yaxalandığını da deyib. Şəhəri gizlicə tərk etmək istəyən hakimin çantasında 500 min qrivna aşkarlanıb və müsadirə edilib.

 





01.04.2014    çap et  çap et