Noyabrın 22-də İrana səfər edən Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan tərəfindən qarşılanıb. Ekspertlər hesab edirlər ki, Ermənistanla İran arasında sıx təmasların olması indi iki ölkənin maraqlarının tam üst-üstə düşdüyü nadir məqamın yaranması ilə bağlıdır.
Əldə edilmiş bir sıra razılaşmaların fəal praktiki mərhələyə qədəm qoyması da önəmlidir. İran parlamentinin erməni üzvü Robert Begləryan Ermənistan-İran təmaslarının intensivləşməsini iki şərtin nəticəsi hesab edir. Birincisi o, razılaşmaların həyata keçirilməsinə əzmin olduğunu, sonra isə bütün bunların mövcud geosiyasi və regional reallıqlardan qaynaqlandığını iddia edir: “Xüsusilə ötən il İran Ermənistanla iqtisadiyyat və infrastruktur sahəsində əlaqələrini inkişaf etdirməyə və dərinləşdirməyə çalışıb və erməni tərəfindən də eyni istək və motivasiya müşahidə edilib”.
Ermənistanın İrandakı səfirliyinin ticarət attaşesi Vardan Kostanyanın sözlərinə görə, Ermənistan və İran iqtisadi əlaqələri bütün istiqamətlərdə dərinləşdirir, birgə istehsal müəssisələri yaratmağı düşünürlər, ticarət mübadiləsi istiqamətində iş aparılır. Ermənistan həm də İranın Avrasiya İqtisadi İttifaqı ölkələrinə körpüsü rolunu oynamağa çalışır, çünki quruma üzv ölkələr arasında İranla quru sərhədi olan yeganə dövlətdir.
Begləryaın fikrincə, tərəflər anlayırlar ki, bu gün geosiyasi baxımdan nisbətən mürəkkəb vəziyyət yaranıb, lakin o da aydındır ki, hər iki ölkənin maraqlarını irəli aparmaq üçün iradə lazımdır.