Vaxt.Az

Rusiya demoqrafiyası “əriyir”


 

Uşaq doğuşu statistikası 90-cı illərin səviyyəsinə çatır

Rusiya demoqrafiyası “əriyir” Rusiya əhalisinin azalması sürətlənib. Rusiya Statistika İdarəsinin (Rosstat) məlumatına görə, yanvar-avqust aylarında uşaq doğuşunun sayı 6 faiz azalaraq 872,4 minə düşüb. Nisbi doğum səviyyəsi – hər 100 min nəfərə 9 uşaq – 2000-ci ildən bəri ən aşağı göstərici olub.

Demoqraflar əmindirlər ki, belə davam etsə, gələnilki statistika 1990-cı illərin sonundakı postsovet iqtisadi xaosundan sonrakı doğum səviyyəsinə düşəcək. Keçən il 1,3 milyon doğulan uşaqların sayı  bu il 1,2 milyona, 2024-cü ildə isə 1 milyona düşəcək ki, bu da ölkənin müasir tarixində (İkinci Dünya Müharibəsindən bəri) mütləq minimum olacaq. Doğum nisbətinə əsas zərbə dolayı yolla olacaq, çünki əksər ailələrin planlaşdırma üfüqü məhv edilib. Son 2,5 ildə Rusiya, əhalinin təbii azalması nəticəsində 2 milyondan çox əhalisini itirib. Pandemiyanın pik nöqtələrindən sonra ölüm nisbəti azalmağa başlasa da, 2022-ci ilin yanvar-avqust aylarında azalma daha 424,9 min nəfər olub. Demoqrafik uçurumları dolduran miqrant axını isə yerini əhalinin xaricə axınına verib.

Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamenti daha qaranlıq mənzərəni proqnozlaşdırır. Yaxın üç onillikdə Rusiyanın məhv olmasının sürəti gündə demək olar ki, 1000 nəfərə çatacaq və Rusiya əhalisinin sayına görə dünyanın ilk 10 ölkəsini tərk edəcək. BMT-nin hesablamalarına görə, indi 145 milyon nəfər olan Rusiya Federasiyasının əhalisi 2050-ci ilə qədər 133 milyona - 1970-ci illərin əvvəllərindəki RSFSR-in (130 milyon) və ya 1897-ci ildə bütün Rusiya İmperiyasının səviyyəsinə (129 milyon) qədər azalacaq.

 





24.11.2022    çap et  çap et