KTMT İrəvanda keçirilən sammitində nə baş verdi?
– Erməni baş nazirin Təşkilat üzvlərinin Azərbaycana qarşı qərar qəbul etməsinə yenə nail ola bilməyib. Ona görə də Ermənistan rəsmiləri KTMT-nin mövqeyini tənqid edir, Təşkilatın ölkələri üçün heç bir yararı olmadığını deyirlər;
– Nikol Paşinyan KTMT-nin bəyannaməsini imzalamaqdan imtina edib. Erməni baş nazir deyib ki, KTMT KTŞ-nin Bəyannaməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” layihəsi yetərincə işlənməyib. Bu səbəbdən sənədləri imzalamağa hazır deyil. Paşinyanın bu qərarı təşkilat üzvləri tərəfindən tənqid olunub;
– Təşkilatın Ermənistanda keçirilən iclasının İrəvan üçün başqa bir uğursuz tərəfi də var. Növbəti bir ildə təşkilata Belarus sədrlik edəcək. Təşkilatın sədri isə Qazaxıstanın nümayəndəsi İmanqali Tasmaqambetov seçilib. Hər iki dövlətin Azərbaycanla yaxın əlaqələrini nəzərə alsaq, bu qərarların da Ermənistanın xeyirinə olmadığını deyə bilərik. Ümumilikdə, növbəti bir il ərzində də İrəvanın KTMT-dəki əl-qolu bağlı qalacaq. Sonrakı bir ildə Ermənistanın təşkilatda qalıb-qalmayacağını isə zaman göstərəcək. Çünki erməni cəmiyyəti Paşinyanın rəhbərliyi ilə KTMT-yə qarşı birləşir və ölkənin hərbi blokdan çıxmasını tələb edir.
Göründüyü kimi, İrəvan KTMT tərkibində parçalanmanı dərinləşdirməyə, təşkilatın nüfuzuna zərbə vuracaq addımlar atmağa davam edir. Nikol Paşinyanın bəyannaməni imzalamaması təşkilat daxilində ciddi fikir ayrılıqlarının olduğunu ictimailəşdirmiş olur. Təbii ki, Paşinyanın bu mövqeyi Rusiyanın nüfuz dairəsində olan təşkilatın zəiflədilməsinə yönəlmiş addımdır. Erməni baş nazirin Rusiyaya qarşı siyasi mövqeyini nəzərə alsaq, prosesin ssenari üzrə getdiyini deyə bilərik.
Müşahidələr göstərir ki, Paşinyan bir çox hallarda təcrübəsizliyindən də siyasi səhvlərə yol verir. O düşünür ki, KTMT yalnız Ermənistanın maraqlarına uyğun qərarlar qəbul etməlidir. Amma beynəlxalq münasibətlər elə qurulub ki, hər dövlətin öz marağı var. Məsələn, Belarus Ermənistanla bir hərbi blokda olsa da, İrəvanla düşmən olan Bakıya qarşı qərar vermək istəmir. Çünki Minskin Bakı ilə münasibətləri yaxşıdır, maraqlarımız üst-üstə düşür.
Belarus rəhbərliyi isə Ermənistanı müttəfiq kimi görmür, adi dövlət kimi yanaşır. Ermənistana laqeyd münasibətin səbəbi isə İrəvanın bölgəyə nə siyasi, nə də iqtisadi təsirinin olmamasıdır. Siyasi və iqtisadi təsiri olmayan dövlətin maraqları niyə müdafiə olunmalıdır?
Digər tərəfdən, başda KTMT üzvləri olmaqla dünyanın əksər dövlətləri Ermənistanın Azərbaycana qarşı yürütdüyü qərəzli siyasətin əyani şahididir. Bu məqam da Ermənistanın üzv olduğu təşkilatlardakı mövqeyinin zəifləməsinə təsir edir. Yəni əksər dövlətlər haqlının, Azərbaycanın yanında olmağı seçir.
Hadisələrin gedişindən aydın olur ki, rəsmi İrəvan həm KTMT-də, həm də Azərbaycanın təsir etdiyi digər beynəlxalq təşkilatlarda məğlubiyyətə məhkumdur. Çünki bir tərəfdən KTMT dövlətləri ilə yaxın münasibətimiz, digər tərəfdən isə böyük iqtisadi potensialımız, hərbi gücümüz və siyasi proseslərə təsirimiz Ermənistanın əl-qolunu bundan sonra da bağlı saxlayacaq. Gərək Ermənistan rəhbərliyi KTMT və digər beynəlxalq təşkilatlar qarşısında Azərbaycanla bağlı hər hansı iddia qaldıranda bu nüansları nəzərə alsın. İrəvan belə siyasi səhvlərə yol verdiyi müddətdə fiasko ilə üzləşməyə davam edəcək. (Trend.az)