Vaxt.Az

MEDİA elektron qəzet satacaq


 

Bəs həmin qəzetləri kim alacaq?

MEDİA elektron qəzet satacaq Medianın İnkişafı Agentliyi “E-köşk” portalının – qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimini keçirib.

Düzü, bilmirəm təqdimatda nədən danışıblar. Amma açıqladıqları məlumatdan və hazırladıqları portaldan görsənir ki, “rəqəmsal yayım platforması” dedikdə qəzet və jurnalların statik bir pdf versiyasının satışı və abunəçiliyinin təşkilini nəzərdə tutublar.

Qeyd ediblər ki, Platforma ənənəvi qəzet və jurnalları zaman və məkandan asılı olmayaraq asanlıqla əldə edə etməklə ölkədə baş verən yeniliklərdən daima xəbərdar olmağa kömək edəcək.

Anlaşılmaz və  ağlasığmazdır.

İlin günün bu vaxtında, ölkədə rəqəmsallaşmanın indiki səviyyəsində ,internet medianın indiki inkişaf  səviyyəsində, “yeniliklərdən xəbərdar” olmaq üçün 15-20 il əvvəlki texnologiyaya üstünlük vermək bilmirəm ki, MEDİA-nın necə və haradan ağlına gəlib.

Qəzet və jurnal infrastrukturunu rəqəmsal transformasiya etmək, onların müxtəlif dilli veb, mobil və sosial resurslarının inkişafına dəstək vermək, təhlükəsizliyinə dəstək vermək əvəzinə Agentliyin belə bir layihəsi yumşaq desək, xəstəni süni nəfəs aparatına qoşmağa bənzəyir.

Beynəlxalq təcrübə göstərir ki , səmərəsiz prosesləri rəqəmsallaşdırmaq heç vaxt uğurlu olmur və daha ciddi problemlər yaradır.

Fikrimcə, qəzet və jurnalların onlayn versiyası işə başlamazdan öncə, hazırda Milli Kitabxanada mövcud olan arxivin rəqəmsalaşdırılması üçün  dəstək verilməsi bəlkə daha əhəmiyyətli ola bilərdi.

Anlayıram ki, agentlik nəsə etmək istəyir. Çalışır. Amma müşahidələr göstərir ki, Agentliyin bu tip addımları spontan xarakterlidir.

Qurum gərək mütəxəssisləri, maraqlı tərəfləri cəlb edib, medianın inkişafı üçün normal bir konseptual baxışlar hazırlasın.

Həm də maraqlıdır ki, təşkilatçılar qeyd ediblər ki, bu layihə Prezidentin 2008-ci ildə təsdiq edilmiş “Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq hazırlanıb.

Hansı ki, bu sənəd hazırlanan vaxtlarda ölkənin media mühiti tam fərqli olub.

Düşünürəm ki, Medianın İnkişafı Agentliyinin 10 illər öncəki sənədin abu-havasına deyil, maraqlı tərəfləri cəlb etməklə  Prezidentin tapşırıqlarına uyğun olaraq müasir çağırışlara cavab verən  media infrastrukturun inkişafına yönəlik konseptual sənədin layihəsinin hazırlanmasına diqqət yetirməsi faydalı olardı.

Agentliyin medianın inkişafı üçün dövlət resurslarından daha səmərəli istifadə etməsi və strateji məsələlərə  diqqət yetirməsi daha doğru olardı.

Yeri gəlmişkən, ümumiyyətlə bu tip məsələlərin, media  ilə bağlı ən xırda detalların da   “dövlətləşməsi” doğru bir yanaşma deyil.

 Daha doğru olardı ki, Agentlik  sektordakı bu tip və digər bir çox məsələləri , özünütənzimləyici qurumlara, məsələn  yeni formalaşan Mətbuat Şurasına ötürsün və  bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi üçün təşəbbüslər etsin.

 





25.11.2022    çap et  çap et