Vaxt.Az

Meydandan Makrona nə deyəcəksiniz?


 

Fransa tarixən Avropada Türk dünyası ilə düşmənçiliyin mərkəzi olub

Meydandan Makrona nə deyəcəksiniz? Deyirlər bizim Fransadakı soydaşlarımız Parisdə növbəti dəfə etiraz aksiyası keçirməyə hazırlaşırlar. Ümid edək ki, bu dəfə soydaşlarımız etiraz musiqisi kimi meyxananı seçib, “Nooldu, Paşinyan?” havasına çırtıq çalıb oynamayacaqlar.

Çünki nə prezident Makron, nə senatorlar (Fransa Senatının üzvləri), nədəki aşağı palatanın deputatları (Fransa Milli Assambleyasının üzvləri) meyxananı başa düşmürlər. “Nooldu, Paşinyan?” mövzusunun isə ümumiyyətlə, etiraz aksiyasına dəxli yoxdur. 

Ötən dəfə diaspor fəallarımız Fransa Senatının binasında aksiya keçirib, senatorları anti-Azərbaycan xarakterli qətnaməni qəbul etməməyə çağırmışdılar. Lakin həmin aksiya yaxşı təşkil olunmamışdı. Aksiya iştirakçılarının sayı olduqca az idi. Aksiyanın ssenarisi də çox bəsit idi. Fransızların ruhuna meyxana ilə təsir etmək, nüfuz etmək mümkün deyil. Biz klassik Avropa musiqisindən (operadan, romanslardan, ariyalardan və s.) anlayarıq, fransızlar isə bizim klassikamıza tamamilə yaddırlar. Birdəki, etiraz aksiyası hara, meyxana hara? 

Əgər orda illah da ki, musiqi səsləndirilməsinə ehtiyac varsa, ən azından “Koroğlu” uvertürası səsləndirilməlidir.

Nə isə. Senat üzvləri ötən dəfə bizimkilərin etiraz aksiyasına sıfır diqqət də göstərmədilər.

Bax, bu bizi düşündürməlidir.

Niyə Senat üzvlərinə öz haqq səsimizi çatdıra bilmədik?

Nə üçün onlara mane ola bilmədik?

Əgər bu dəfə də eyni durum təkrarlanacaqsa, o zaman uğursuz və nəticəsiz aksiya keçirməyin nə anlamı?

Fransadan gələn məlumata görə, bu dəfə Milli Assambleyanın (Fransa parlamentinin) yaxınlığında Azərbaycan əleyhinə qətnamənin müzakirəsinə etiraz olaraq aksiya keçiriləcək. Fransada yaşayan azərbaycanlılar tərəfindən təşkil olunacaq aksiya noyabrın 28-də baş tutacaq.  

Aksiyaya hazırlıq görüldüyü barədə danışan diaspor fəallarımızdan birinin dediyinə görə, bu dəfə keçiriləcək aksiyaya ciddi hazırlıq işləri gedir və bu aksiyada Fransanın müxtəlif yerlərindən gələn soydaşlarımız iştirak edəcək. Artıq bəyanat və şüarlar da hazırdır.

Təki olsun.

Amma daha çox hazırlaşmaq, daha mükəmməl təşkilatçılıq sərgiləmək lazımdır. Kreativ olmaq, yaradıcı yanaşmaq vacibdir. Fərqli etiraz formaları seçmək, diqqətçəkən şüarlar hazırlamaq çox önəmlidir. Siz elə etməlisiniz ki, keçirdiyiniz aksiya küçədən keçən sıravi fransızlar üçün də maraqlı olmalıdır. Fransızlarda maraq oyatmalısınız. Onlar sizə qoşulub Milli Assambleyanın deputatlarına səslənməlidirlər, Makrona etirazlarını bildirməlidirlər. Fransızca mükəmməl danışan natiqləriniz olmalıdır. Meydandan Makrona nə deyəcəyiniz və necə deyəcəyiniz çox önəmlidir. Bir sözlə, siz o deputatlara və Makrona göstərməlisiniz ki, bəli, siz Azərbaycan diasporu olaraq artıq hesablaşılması gərəkən bir güc halına gəlmisiniz...

Əgər bütün bunlar olmayacaqsa, Fransa Milli Assambleyasının üzvləri də Fransa Senatının üzvləri kimi sizə fikir verməyib yanınızdan keçəcək və Azərbaycan əleyhinə növbəti həyasız qətnaməyə səs verəcəklər.

Qısası, Fransada fransızlar qədər mədəni və elə fransızlar qədər də həyasız olmaq lazımdır.

Çünki siz həyasız olmasanız, heç vaxt Fransa seçkilərinə təsir gücünə malik olan bir qüvvəyə çevrilə bilməyəcəksiniz. Siz həyasız olmasanız ermənilər və fransızlar Fransanı sizin üçün cəhənnəmə çevirəcəklər.

İlham Əliyevin “Fransa sülh danışıqlarında iştirak edə bilməz” deyərək Fransanın və şəxsən Makronun vasitəçiliyindən haqlı olaraq imtina etməsindən sonra Fransa dövlətinin Azərbaycana qarşı aqressiyası daha da artacaq. Bu aqressiyadan sizə də pay düşəcək.

Odur ki, möhkəm olun, zəki olun, həmrəy olun, birlik olun, yumruq kimi birləşin, əziz soydaşlar!

Nəzərə alın ki, Fransa tarixən Avropada Azərbaycana qarşı, Türkiyəyə qarşı, müsəlman aləminə qarşı düşmənçiliyin əsas mərkəzidir. Əgər siz Fransanın düşmənçiliyinə qarşı duruş gətirə bilsəniz, o zaman digər Avropa ölkələrində də böyük gücə çevrilmək şansınız yaranacaq.

Bir sözlə, gələcək uğurlarınız Fransadan başlayacaq!

 





25.11.2022    çap et  çap et