Vaxt.Az

Bizim qırmızı sevgimiz


 

(Xatirələr silsiləsindən)

Bizim qırmızı sevgimiz M.Ə. Rəsulzadə adına BDU-nun tələbəsi idim. Qalmağa ev olmasına baxmayaraq, yataqxanada qalırdım ki, tələbəçiliyi sümüyümə, iliyimə qədər hiss edim. Otaqda üç nəfər qalırdıq. Yaşca məndən bir az kiçik idi həmin iki nəfər(otaq o iki nəfərdən birinin idi). Biri tarix f-də, biri hüquq f-də oxuyurdu. Tələbəçilik bitirdi artıq. Bir gün hüquqda oxuyanla otaqda oturmuşduq, tarixdə oxuyan şəstlə girdi içəri, ortalıqda olan köhnə jurnal masasının üstünə bir qırmızı diplom çırpdı, dedi, di süfrə açın. Hay-küylə təbrik etdik onu, süfrə açıb qeyd elədik. Yemək içməyin şirin yerində hüquqda oxuyana barmaq silkələyib, hökmlə dedim ki: mənim evimə başqa rəngdə diplom girə bilməz, ancaq qırmızı!

Gülüşdük hamımız. Aradan bir müddət keçdi. Bir gün tarixdə oxuyanla otaqda oturmuşduq, hüquqda oxuyan şəstlə girdi içəri, ortalıqda olan köhnə jurnal masasının üstünə bir qırmızı diplom çırpdı, dedi, di süfrə açın. Hay-küylə təbrik etdik onu, süfrə açıb qeyd elədik. Yemək içməyin şirin yerində hüquqda oxuyanla tarixdə oxuyan qəfil bir-birlərinə baxdılar, sonra mənə sarı ərklə barmaq silkələyərək, xorla ucadan dedilər ki: bizim evimizə başqa rəngdə diplom girə bilməz, ancaq qırmızı! Gülüşdük hamımız. 

Bir gün hüquqda oxuyanla tarixdə oxuyan otaqda oturarkən şəstlə girdim içəri, ortalıqda olan köhnə jurnal masasının üstünə jurnalistika fakültəsinin qırmızı diplomunu çırpıb, dedim, di süfrə açın. Hay-küylə məni təbrik etdilər, süfrə açıb qeyd elədik. Yenə də tarixdə oxuyanın bişirdiyi pomidor-yumurta, hüquqda oxuyanın qonşudan aldığı kələm turşusu, mənim şəhərciyin girişindəki dükandan aldığım araqla... 

Bax biz BDU-nu (orada oxumağımızı) belə sevirdik...

 





26.11.2022    çap et  çap et