Verilişdə bildirilir ki, ölkənin dini lideri Xameneyi Bəsic (qurum Ruhulla Xomeyni tərəfindən 1979-cu ildə yaradılmış könüllü milis təşkilatıdır. Rəsmi adı Bəsic Müqavimət Qüvvəsidir – E.H) yarımhərbi qüvvələrini rejim əleyhinə nümayişçilərə qarşı qanlı zorakılıqla müşayiət olunan roluna görə tərifləyib. Şənbə günü Tehranda Bəsic könüllüləri ilə görüşən Əli Xameneyi xalqın etiraz hərəkatını xarici qüvvələrin dəstəklədiyi “iğtişaşlar” və etirazçıları isə “quldurlar” adlandırıb və “günahsız” Bəsic döyüşçülərini milləti müdafiə etdiyinə görə göylərə qaldırıb.
Bəsic İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sentyabr ayından bəri etirazların artması ilə küçələrə çıxarılmış qanadıdır. Etiraz hərəkatına 22 yaşlı Məhsa Əmininin İran əxlaq polisinin əlində ölməsi səbəb olub. “Amnesty International” deyir ki, Bəsic üzvlərinə əmr edilib ki, etirazçılara qarşı “xüsusi amansızlıq” göstərilsin.
Ali Məqamlı Rəhbər şənbə günü deyib: “Döyüş meydanında düşmənlə üz-üzə gələndə Bəsic könüllüsü həmişə cəsarətli olub, düşməndən qorxmayıb”. “Son hadisələrdə gördünüz ki, bizim günahsız və məzlum Bəsicilərimiz iğtişaşçıların, quldurların və düşməndən maaş alanların əlindən milləti xilas etmək üçün sinələrini qabağa verdilər. Başqalarını azad etmək üçün özlərini qurban verməkdən çəkinmədilər”, – Xameneyi deyib.
Xameneyinin sözləri Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarı Volker Türkün İranın rejim əleyhdarı müxaliflərə qarşı təzyiqlərə görə “tam hüquqlu insan haqları böhranı” içində olduğu xəbərdarlığından bir gün sonraya təsadüf edir. Cənab Türk cümə axşamı BMT-nin İnsan Haqları Şurasının xüsusi iclasında İranda insan haqlarının pozulması ilə bağlı “müstəqil, qərəzsiz və şəffaf araşdırma proseslərinə” çağırıb. O, Cenevrədəki 47 üzv dövlətin şurasına bildirib ki, təhlükəsizlik qüvvələri etirazlara silahsız nümayişçilərə və “heç bir təhlükə yaratmayan” ətrafdakılara qarşı öldürücü güc tətbiq etməklə cavab verib. Türkün sözlərinə görə, etirazlarla bağlı 14 mindən çox insan, o cümlədən uşaqlar həbs edilib. Onun sözlərinə görə, onlardan ən azı 21-i hazırda ölüm hökmü ilə üz-üzədir, altısı isə artıq ölüm hökmü alıb. Yarı-rəsmi “Tasnim” Xəbər Agentliyinin məlumatına görə, həbs edilənlər arasında iki tanınmış iranlı aktyor Henqame Qaziani və Katayun Riahi də var. Onlar ayrı-ayrı vaxtlarda ümummilli etirazları açıq şəkildə dəstəklədikləri üçün həbs ediliblər.
İslam Respublikası Əmininin hicabını düzgün geyinmədiyi iddiası ilə öldürülməsi ilə başlayan hökumət əleyhinə etiraz dalğası ilə əhatə olunub. Səlahiyyət sahibləri o vaxtdan nümayişçilərə qarşı ölümcül repressiyaya başladılar, ölkədəki etirazçıları hədəfə almaq üçün həbslər və fiziki zorakılıqlardan istifadə edildiyi barədə xəbərlər yayıldı. “CNN”in son araşdırmasında gizli ifadələr iğtişaşlar başlayandan bəri İranın saxlanma mərkəzlərində oğlanlar da daxil olmaqla etirazçılara qarşı cinsi zorakılığın həyata keçirilməsi faktı üzə çıxıb. Türkün sözlərinə görə, görünməmiş milli üsyan İranın 31 vilayətinin hamısında 150-dən çox şəhəri və 140 universiteti əhatə edib. İranın təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı zorakı cavabı Tehran və Qərb liderləri arasında diplomatik əlaqələri sarsıdıb.
ABŞ-ın dövlət katibi Entoni Blinkenin “İran hakimiyyətinin etirazçılara qarşı zorakılığı artırmasından çox narahat olduğunu” deməsindən sonra çərşənbə günü Ağ Ev İranın daha üç məmuruna qarşı sanksiyalar tətbiq edib.
İran xarici işlər nazirinin müavini Əli Baqeri Kani cümə axşamı Hindistanın NDTV telekanalına müsahibəsində deyib ki, xarici güclər İranın daxili işlərinə qarışaraq “saxta hekayələr” uydururlar...