Vaxt.Az

Viskinin işgəncəsi ...


 

... Və afyor barmenin fırıldağı

Viskinin işgəncəsi ... Bizdə necədir bilmirəm, buralarda isə barmenlər belə qazanır. Deməli, gəlirsən bara. Burada üç qiymətə (şərti olaraq) 1 avro, 5 avro və 10 avro civarında viskilər var.

Fikirləşirsən ki, 1 avroluq alacam, deyəcəklər ki, o boyda neft ölkəsindən gəlib içdiyi viskiyə bax. 

Çünki Azərbaycanın adı gələndə elə bilirlər ki, hər evdə qonşu otaqda neft buruğu var. Çırtacırt vurur 95 benzin vurur. Pullar da çakkaçak tökülür sandığa. Arvad yığıb-yığışdıra bilmir, bəxtəvər başımıza.

10 avroluq alacaqsan, adın dərhal FTB-nin qara siyahısına düşəcək ki, oliqarxdır. Qəbələdəki dədə-baba evinə də deyəcəklər ki, dağ kurortunda villası var.

Di gəl indi buna başa sal ki, mənim uşaqlığım həmin “villa”nın eyvanında keçib. 

Ona görə deyirsən ki, orda 5 avroya 10 illik viski var ha, bax ondan süz.

Özünü də elə aparırsan ki, 10 avroluq almağa da imkanım var, sadəcə bu gün nəsə 10 illik olan düşdü könlümə. Hər ehtimala qarşı bir ah da çəkirsən ki, bu bahalı viskilər lap bezdirib məni.

Bax burada başlayır fırıldaq.

Barmen sənin müvəffəqiyyətsiz artistliyindən anlayır ki, sənin Məhəmməd baban Qəbələdə məktəb direktoru kabinetində viski içməyib, heç adını eşitməyib.

Yəni anlayır ki, sənin viski ilə tanışlığın genetik xarakter daşımır, göylə getsən də, bu işdə yenisən.

Və üzünə faciəvi maska taxıb deyir – Bilirsən, dostum, 10 illik yoxdur. 12 illik qalıb. Sadəcə onun qiyməti 5 yox, 7 avrodur. Süzüm?

Yox deyəcəksən, ölkənin adı var ortada. Ona görə deyirsən hə və o da 12 adı ilə dünən stollardan yığılan yarımçıq viskilərin qovuşduğu butulkadan 50 qram süzür sənin üçün.

Sən də bah-bəh deyib vurursan onu, mədənə işgəncə verə-verə. 

Özünü sındırmayacaqsan ki…

 





27.11.2022    çap et  çap et