“Sorry to Bother You” (“Narahat etdiyim üçün üzr istəyirəm”) filmi dörd il əvvəlin olsa da mənim qarşıma bu yaxınlarda təsadüfən çıxdı və deyim ki, böyük zövq aldım. Filmin konsepti çox maraqlı idi – işsiz olan qaradərili Kassius nəhayət zəng mərkəzinə işə düzəlir. Onun işi zəng edib satış etməkdir. Lakin irqçi bir cəmiyyətdə qaradərili insanın səs tonu və ləhcə qarşı tərəfi narahat edir. Bu zaman Kassiusa səsini imitasiya etməyi – “ağ adam” kimi danışmağı məsləhət görürlər. Bundan sonra isə karyera yüksəlişi başlayır. Lakin digər tərəfdə insanların hüquqlarını pozan, onlara hörmət etməyən korporasiyanın əleyhinə çıxışlar edən sevgili və dostlar var. Hansı tərəfi seçməli?
Filmi çıxan zaman ləhcənin və səsin imitasiyası fantastik səslənsə də “Sanas” adlı startap süni intellekt vasitəsilə hazırda “ağ adam” səsi xidməti təklif edir. Məsələn, xarici IT şirkət ucuz işçi qüvvəsi kimi cəlb etdiyi hindistanlı və ya pakistanlı işçilərin səsini bu texnologiya vasitəsilə avtomatik “ana dili” kimi danışdıra bilir. Bu nə qədər yaxşıdır, nə qədər pis deyə bilmərəm, ancaq adamlar fürsəti görərək reallığa çeviriblər. Lakin haradan baxsaq bu bir növ müştəri rasizmidir.