Vaxt.Az

SSRİ-nin Güney Azərbaycan xəyanəti


 

“21 Azər” hərəkatı necə süquta uğradıldı?

SSRİ-nin Güney Azərbaycan xəyanəti 1946-cı ilin dekabrında bir illik fəaliyyətdən sonra “21 Azər” hərəkatı qan içində boğuldu. Dekabrın 12-13-də (Azər ayının 21-22-də) Şah qoşunları Təbrizə nəzarəti ələ keçirdi. Demokrat Firqəsinin fəalları, Firqəyə rəğbət bəsləyənlər, fədai qüvvələri güllədən keçirildi.

Öldürülən, həbs və sürgün edilənlərin sayı toplam 30 min ətrafında idi. Bir il ərzində ana dilində nəşr olunmuş kitablar Təbrizin müxtəlif məhəllələrində qalanmış tonqallara tökülüb yandırıldı. 

1945-ci ilin dekabr ayının 31-də Mir Cəfər Bağırov Güney Milli hökumətinin rəhbərlərindən soruşanda ki, Siz hakimiyyəti ələ aldınız, bundan sonra öz dövlətinizin gələcəyini necə təsəvvür edirsiniz? Pişəvəri, Şəbüstəri, Cavid, Badeqan və Məhəmməd Biriya 16 gün sonra cavab yazdılar ki, biz İran daxilində muxtariyyətin perspektivinə inanmırıq. Bu gün İran zəifdir bu muxtariyyəti bizə verir, sabah güclənən kimi onu bizim əlimizdən alacaq. Biz öz dövlətimizi Cənubi Azərbaycan Milli Demokratik Respublikası adı ilə birinci mərhələdə müstəqil (3-5 il), sonra isə Sovet Azərbaycanı ilə birlikdə görmək istəyirik. 

Güney liderlərinin bu planını 1946-cı ilin fevralında Moskvaya gələn Qəvam əs-Səltənə Stalinə deyəndə, Stalin dedi ki, azərbaycanlılar lap ağ eləyiblər. Və ardınca qara əməllər başladı. 

1946-cı ilin dekabrında “21 Azər” hərəkatının qan içində boğulmasına, Sovetlərin xəyanətinə, Şah qoşunlarının amansızlığına Sovet Azərbaycanı ziyalılarının münasibəti necə idi? Bu çox maraqlı məsələdir. Moskvadan Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Nazirliyinə göstəriş gəldi ki, gizli agentura şəbəkəsi vasitəsi ilə bu münasibəti öyrənsinlər. Toplanan gizli agentura məlumatları müstəsna dərəcədə maraqlı idi. Bakıda ziyalılar baş verənlərdən çox mütəəssir olmuşdular. 

Məsələn, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti Heydər Hüseynov demişdi: “Sovet hökumətinin davranışında belə dərin dəyişikliyin səbəbi mənə aydın deyil. Niyə indi belə güzəştlərə getdik. İki-üç ay ərzində xarici siyasətimiz tanınmaz dərəcədə dəyişdi. İndi keçən il, və ya hətta altı ay əvvəl etdiyimiz kimi davranmırıq”. 

Elmlər Akademiyasının İncəsənət İnstitutunun baş elmi işçisi Qəzənfər Əlizadə deyirdi: “Sovet hökuməti yazıq azərbaycanlıları məhv etdi. İndi onlarla necə  qəddarcasına rəftar edəcəklər. Bütün bunlar nə deməkdir? Niyə bu aşı orada dəmə qoyurdunuz və sonra insanları taleyin ümidinə buraxırdınız? Bu hərəkət hökumətimiz üçün ayıbdır”.

Azərbaycan Dövlət Universitetinin dosenti Feyzullah Qasımzadə əsəbi formada  bildirmişdi: “Azərbaycan problemi çox məyusedici formada başa çatır. Bunun  səbəbini bilmirəm, doğrudanmı bizim hökumətimiz (Sovet hökuməti) bununla razılaşıb? Nə olursa olsun bu bizim üçün çox ayıbdır. Əslində belə alınır ki, biz İran  azərbaycanlılarına xəyanət etmişik. Həlledici saatda, kritik anda biz azərbaycanlıları və onların rəhbərlərini taleyin ümidinə buraxdıq”.

Şair Osman Sarıvəlli demişdi: “Əgər mən öz əziz oğlumu dəfn etsəydim, radionun mənə gətirdiyi bu xəbərdən sarsıldığım kimi sarsılmazdım”. 

Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin dekanı Məmməd Şıxlı bildirirdi: “Biz İran xalqını dördüncü dəfədir silahlı üsyana qaldırırıq və həlledici  məqamda onları silahsız və köməksiz qoyuruq. Gilan inqilabı uğursuz oldu, Xiyabani hərəkatı yatırıldı, Lahuti üsyanı uğursuzluqla başa çatdı və nəhayət, Cənubi Azərbaycanda hazırkı komediya böyük faciə ilə başa çatdı”.

 





27.11.2022    çap et  çap et