Vaxt.Az

«Dudayevlə danışandan sonra...»


 

Arif Hacılı Kəlbəcərin işğalı ilə bağlı maraqlı faktlar açıqladı

«Dudayevlə danışandan sonra...» Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, AXC hakimiyyəti dövründə dövlət müşaviri vəzifəsini tutmuş Arif Hacılı 1993-cü ildə Kəlbəcərin işğalı ərəfəsində baş vermiş hadisədən yazıb. Musavat.com xəbər verir ki, Arif Hacılı həmin günləri belə xatırlayır:

«Bir gün əvvəl Kəlbəcər istiqamətində uçan helikopter vurulmuşdu. Helikopetrçilər Kəlbəcərə uçaraq dinc əhalini oradan çıxarmaqdan imtina edirdilər. Vəziyyəti prezident Elçibəyə məruzə etdim. Mənim yanımda Türkiyənin baş naziri Süleyman Dəmirələ telefon açaraq ondan Kəlbəcərdən dinc əhalini çıxarmaq üçün helikopterlər istədi. Süleyman Dəmirəl belə yardım göstərməkdən imtina etdikdə, Elçibəy mənə Çeçenistan prezidenti Cövhər Dudayevlə danışmağı tapşırdı. Mən Elçibəyin yanında Dudayevlə danışdım. O, helikopterlərinin az olduğunu, amma pilotlar göndərməyə hazır olduğunu bildirdi.

... Belə vəziyyətdə Yevlax və ətraf rayonların icra başçılarına aeroporta getmək, onlarla müharibə dövrünün qanunları ilə davranmaq lazım gəlsə belə pilotları Kəlbəcərə uçmağa məcbur etmək, helikopterlərlə Kəlbəcərə uçmaq, Kəlbəcər İcra Hakimiyyətindən mənə zəng vuraraq tapşırığın yerinə yetirildiyi barədə məruzə etmək göstərişi verdim.

Bu prosesdə Yevlax rayon icra hakimiyyətinin başçısı Rafiq Həsən xüsusi fədakarlıq göstərdi. Bir neçə saat sonra Kəlbəcərdın mənə zəng vuraraq tapşırığın yerinə yetirildiyini bildirdi. Geri qayıdarkən qəzaya uğrayıb yaralandı. Kəlbəcərin xeyli dinc əhalisi bu vertolyotlar vasitəsi ilə xilas edildi...»

Qeyd edək ki, Arif Hacılı bunları «Facebook» səhifəsində yazıb.

 





02.04.2014    çap et  çap et