Vaxt.Az

«Bizi xilas edin»


 

Bəylər Əyyubovun işçisinə şok ittihamlar

«Bizi xilas edin» Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi bina 51 «a», mənzil 24 ünvanında yaşayan İsmayıl Fəxrəddin oğlu İsayev prezidentə, Prezidentin Təhlükəsizlik Xidməti İdarəsinin (TXİ) rəisi, general-polkovnik Bəylər Əyyubova məktub yazıb. Bir nüsxəsi «Yeni Müsavat»a daxil olan məktubda müəllif TXİ-nin şöbə rəisi Səftər Hacıyevin əməllərindən şikayət edir və tədbir görülməsini istəyir.

Bildirir ki, S.Hacıyev onun dostuq etdiyi yeznəsi İlqar Məmmədovu qanunsuz olaraq həbs etdirib. Qeyd edir ki, bundan əvvəl yazdığı məktublar ünvana çatmadığından həm də mətbuat vasitəsilə prezidentə müraciət etməyi qərarlaşdırıb. Prezidentə ünvanlana məktubda deyilir:

«Prezidentin Təhlükəsizlik Xidmətinin şöbə rəisi Səftər Heydər oğlu Hacıyev mənim və yeznəm İlqar Əbduləli oğlu Məmmədovun etibarını qazanaraq «Zaminbank» ASC-dən 750 min manat məbləğində krediti sahibkarlıq məqsədi ilə götürüb. Lakin həmin kredit üzrə heç bir təminat qoyulmayıb. Səftər Hacıyev yeznəm İlqar Məmmədovdan xahiş edib ki, hər hansı daşınmaz əmlak tapsın ki, sonradan Səftər Hacıyev həmin əmlakı «Zaminbank»a girov qoysun. Mən polkovnik Səftər Hacıyevin və yeznəm İlqar Məmmədovun sözünə baxıb özümə məxsus olan yeganə yaşayış evimi S.Hacıyevin sahibkarlıq məqsədilə götürdüyü 750 min manatın əvəzinə təminat olaraq banka girov qoydum.

Həmçinin yeznəm İlqar Məmmədov yaxın dostu Ələsgər Dadaş oğlu Məmmədova məxsus olan Bakı şəhər, Nəsimi rayon, 28 May küçəsi 4 saylı ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 324,7 kv.m qeyri-yaşayış sahəsini Səftər Hacıyevın sahibkarlıq məqsədilə götürdüyü kredit borcuna təminat olaraq girov qoydu. Sonradan mənə məlum oldu ki, İlqar Məmmədov Səftər Hacıyevə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində ticarətlə məşğul olduğu üçün aylıq verir. Bu aylıq məbləğ 25-30 min təşkil edir. Bu işin əvvəl 2000-ci ildən başlayıb».

Məktub müəllifi yazır ki, Səftər Hacıyev İ.Məmmədovla razılaşaraq dostu Nadirin bankı olan «Zaminbank»dan kredit götürərək özünə bağ və ticarət mərkəzi tikdirib: ««Zaminbank»a ödəmə etməyi İlqar Məmmədov öhdəsinə götürərək ödəməyə başlayıb. Ancaq polkovnik S.Hacıyev İlqardan aldığı pulları da «Zaminbank»a tam ödəməyib. 22.10.2010-cu ildə isə mənim və İ.Məmmədovun əmlakını bankda borcunun əvəzinə bizi aldadaraq təminat olaraq qoyub. İlqar Məmmədov müflişləşmişdi, artıq Səftər Hacıyevə aylıq verə bilmirdi. 2013-cü ildə Səftər Hacıyev özünün və komandiri general-polkovnik Vaqif Axundovun nüfuzundan istifadə edərək İlqar Məmmədovu dələduzluq maddəsi ilə ittiham verdirərək həbs etdirdi.

Həmçinin mənim evimi və Ələsgərə məxsus olan qeyri-yaşayış sahəsini özünün banka borcuna təminat olaraq «Zaminbank»ın satıb pulu götürməsi haqda qətnamə çıxarılmasına nail oldu. Bu qədər ədalətsizlik olmaz. Səftər Hacıyevin bağı biz təmir etmişik, içərisinə lazım olan əşyaları, mebelləri biz almışıq. Ticarət mərkəzini biz tikdirib təmir etmişik. Səftər Hacıyev isə kirayə verib oradan pul qazanır».

Məktub müəllifi bu məsələnin ədalətlə araşdırılmasına göstəriş verməsini prezidentdən xahiş edir: «Hörmətli prezident! Sizdən xahiş edirəm, bu şəxsin əməllərinə hüquqi qiymət verilməsinə və bizim Azərbaycan Respublikası Prezidenti Təhlükəsizlik Xidməti şöbə rəisi polkovnik Səftər Heydər oğlu Hacıyevin zülmündən xilas olmağımıza göstəriş verəsiniz».

P.S. Məsələ ilə bağlı Səftər Hacıyevi dinləyib mövqeyini dərc etməyə hazırıq. («Yeni Müsavat»)

 





02.04.2014    çap et  çap et