Vaxt.Az

Güneylilər Bakıda


 

Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri siyasi partiyalar və QHT-lərlə görüşəcək

Güneylilər Bakıda Güney Azərbaycan Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri Azərbaycana gəlib. Səfər Ümid Partiyasının dəvəti ilə həyata keçirilir.

Təşkilat Komitəsinin üzvləri noyabrın 28-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Tanınmış oftalmoloq alim Zərifə Əliyevanın da məzarı ziyarət edilib.

Nümayəndə heyəti həmçinin 1945-1946-cı illərdə Güney Azərbaycanda mövcud olmuş milli hökumətin lideri Seyid Cəfər Pişəvərinin məzarını, Şəhidlər xiyabanını və “Türk Şəhidliyi” abidəsini ziyarət edib.

Səfər çərçivəsində Təşkilat Komitəsinin növbəti iclasının keçirilməsi, Ümid Partiyası və Azərbaycanda fəaliyyət göstərən digər siyasi partiyalarla, qeyri-hökumət təşkilatları və media nümayəndələri ilə görüşlər nəzərdə tutulub.

Səfər noyabrın 30-na kimi davam edəcək.

 





28.11.2022    çap et  çap et