Bu fonda, region dövlətlərinin susqunluğu və eskalasiyanın qarşısını almaması, bunun əksinə olaraq Aİ və ABŞ dan xüsusi nümayəndələrin danışıqlar üçün eyni vaxtda Bakıya təcili gəlmələri diqqət çəkici məqamdır. ABŞ ilin sonuna qədər Bakı və İrəvan arasında hansısa sənədin imzalanmasını istəyir. Son 20 ildə ilk dəfə olaraq ABŞ administrasiyaları içərisində məhz Blinkenin komandasının Cənubi Qafqazda bu qədər aktivləşməsi , əlbəttə ki, qeyd edilməlidir. Təbii ki, okeanın o tayı Rusiya və İran prizmasından məsələlərə baxaraq aktivlik nümayiş etdirir və tərəfləri sülhə səsləyir.
Sülhün əldə edilməsi üçün ilk və əsas şərt Ermənistanın Qarabağ məsələsində manipulyasiyadan əl çəkməsidir. İndiki halda Paşinyanın Qarabağ Azərbaycanın ərazisinə daxildir ifadəsini işlətməsi gözlənilən deyil. Bu fonda, Vardanyanın Xankəndində peyda olması, onunla "sülh qurucuları" arasındakı isti münasibətlər, Müdafiə Nazirliyimizin son bir neçə gündə hər gün toponimlərlə bağlı etiraz etməsi diqqətlərdən yayınmamalıdır.
Hər halda, hazırda bölgə ətrafında baş verən hadisələr, qonşu dövlətlərdə siyasi hakimiyyətlərin ömürləri ilə bağlı gözləntilər, gələcəkdə Qərb - İran , Qərb- Rusiya münasibətlətində digər ssenarilər Xankəndi və ətrafı məsələsində bəzi addımların atılmasını tələb edir. Lakin, ABŞ və Aİ nümayəndələrinin son səfərləri müəyyən məsələlərlə bağlı hələki gözləyəcəyimizə dəlalət edir. Seçim Paşinyanındır. Məsuliyyət onundur.