Vaxt.Az

İncəsənətə qənim kəsilən ekoaktivistlər


 

Londonda iki nəfər həbs cəzasına məhkum edilib

İncəsənətə qənim kəsilən ekoaktivistlər London Milli Qalereyasında Van Qoqun tablosunun çərçivəsini zədələyən iki ekoaktivist həbs olunub. “Just Stop Oil” təşkilatının üzvləri – 24 yaşlı Emili Broklbank və 22 yaşlı Louis McKechnie 21 gün həbs cəzasına məhkum edilib.

Məhkəmədə Van Qoqun “Çiçəklənən şaftalı” tablosunun çərçivəsinin XVIII əsrə aid olduğu diqqətə çatdırılıb.

Xatırladaq ki, bundan öncə London Milli Qalereyasında Van Qoqun məşhur “Günəbaxanlar” tablosu da bənzər hücuma məruz qalmışdı. “Just Stop Oil” üzvləri tabloya tomat şorbası atmışdılar. Qalereyadan belə vandal hərəkətlərə hazırlıqlı olduqları üçün əsəri şüşə ilə mühafizə etdiklərini, tablonun zərər görmədiyini bildirmişdilər.

“İqlim fəalları” son günlər tez-tez bu cür etiraz üsulu ilə gündəmə gəlirlər. Onların əsas istəyi guya bununla aclıq və bu kimi digər ciddi fəsadlar törədəcək hadisələrə cəmiyyətin və məsul şəxslərin diqqətini çəkməkdir.

Bir müddət öncə ekoaktivistlərin Almaniyanın Potsdam şəhərindəki Barberini Muzeyində Klod Monenin, həmçinin Avstraliyadakı muzeylərin birində Pablo Pikassonun tablosuna da özünəməxsus formada etirazları olmuşdu. “Son nəsil” (“Letzte Generation”) ekoloji təşkilatın üzvləri muzeyə daxil olaraq sənət əsərinə (tablonun üzərindəki şüşəyə) kartof püresi atmış, sonra isə əllərini yerə yapışdırmışdılar.

 





29.11.2022    çap et  çap et