Vaxt.Az

Minskdəki opera bayramında biz də varıq


 

Minskdəki opera bayramında biz də varıq Dekabrın 13-dən 18-dək ənənəvi Minsk Beynəlxalq Milad Opera Forumu keçiriləcək. Belarusun Böyük Teatrı artıq 12-ci dəfə təşkil etdiyi sənət bayramı ilə klassik musiqi xiridarlarını sevindirəcək.

Bir neçə ölkə təmsilçisinin, yaxın-uzaq ölkə teatrlarının qatıldığı Opera forumunda Azərbaycan sənətçiləri də alqış qazanmağa iddialıdır.

Dekabrın 14-də “Gelikon-opera”nın təqdim edəcəyi C.Puççininin “Turandot” operasını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.

16 dekabr afişasını da daha bir soydaşımızın ismi bəzəyəcək. Belarus Böyük Teatrının ötənilki premyerasında – Q.Donisettinin “Sevgi şərbəti” tamaşasında Sankt-Peterburq Mariinski Teatrının solisti Məhərrəm Hüseynov səhnəyə çıxacaq. Məhərrəm tamaşada sərgərdan təbib Dulkamaranın partiyasını ifa edəcək. Qeyd edək ki, bu tamaşa gənc vokalçı soydaşımızın forumda son çıxışı olmayacaq. O, forumun qala-gecəsində də digər 6 ölkə təmsilçisi ilə səhnəni paylaşacaq.

Yeri gəlmişkən, bu günlərdə Məhərrəm Hüseynov Mariinski Teatrındakı iki tamaşada – Q.Donisettinin “Don Paskuale” operasında titul partiyanın və C.Rossininin “İtaliyalı qadın Əlcəzairdə” tamaşasındakı Mustafa partiyasının parlaq ifasına görə Rusiyanın “Onegin” opera mükafatına (“Debüt” nominasiyası) layiq görülüb.

 





29.11.2022    çap et  çap et