Vaxt.Az

UNESCO irs xəzinəsinə yeni nümunələri müzakirə edir


 

Rabatda keçirilən sessiyanın gündəliyində Azərbaycanla bağlı irs elementləri də var

UNESCO irs xəzinəsinə yeni nümunələri müzakirə edir 28 noyabr – 3 dekabr tarixlərində Mərakeş Krallığının Rabat şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyası keçirilir.

Sessiyada ölkəmiz Azərbaycan Respublikasının UNESCO yanında Daimi nümayəndəliyi, Mədəniyyət Nazirliyi, UNESCO üzrə Milli Komissiya və Mərakeş Krallığındakı səfirliyimiz tərəfindən təmsil olunur.

UNESCO yanında daimi nümayəndəlikdən verilən məlumata görə, sessiya zamanı Hökumətlərarası Komitə tərəfindən “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahı”ya daxil edilmək üçün təqdim edilmiş milli və çoxmillətli nominasiyalar da nəzərdən keçiriləcək.

Onların arasında Azərbaycanın təqdim etdiyi “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” milli nominasiyası, habelə ölkəmizin iştirakı ilə hazırlanan 3 çoxmillətli nominasiya var: “Baramaçılıq və toxuculuq üçün ənənəvi ipək istehsalı” (Azərbaycan, Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan), “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan) və “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” (Azərbaycan, Türkiyə).

Bununla yanaşı, Hökumətlərarası Komitənin 17-ci sessiyası zamanı UNESCO-nun qeyri-maddi mədəni irs haqqında 2003-cü il Konvensiyası üzrə Azərbaycanın milli dövri hesabatı və UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na daxil edilmiş (2013-cü il) “Çövkən, Qarabağın ənənəvi atüstü oyunu” elementi üzrə milli hesabat nəzərdən keçiriləcək.

17-ci sessiyanın müzakirəsinə təqdim olunan fayllar arasında “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahı”ya (Representative List) üzrə ümumilikdə 46 element var.

Bu sırada qonşu ölkələrin təqdim etdiyi nominasiyalar da maraq doğurur. Məsələn, “Gürcüstanda ənənəvi at oyunları” elementi. Yaxud İran, Tacikistan və Özbəkistanın təqdim etdiyi “Rübabın yaradılması və ifaçılıq sənəti” elementi, İran və Suriyanın müştərək nominasiyası olan “Ud alətinin yaradılması və ifaçılıq sənəti”. Ümumilikdə cənub qonşularımız müxtəlif ölkələrlə müştərək beş nominasiya təqdim ediblər.

Nominasiyalar arasında “Orteke – Qazaxıstanın ənənəvi ifaçılıq sənəti: rəqs, kukla və musiqi”, “Türkmən üslubunda əl tikişi sənəti” (Türkmənistan bu elementi İranla birgə təqdim edib) də var.

Sessiyada UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı” üçün 4 təqdimata da baxılır. Onlardan biri – Türkiyənin təqdim etdiyi “Ahlat daşişləmə ənənəsi” milli nominasiyası noyabrın 29-da sözügedən siyahıya daxil edilib.

Qeyd edək ki, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsi 2006-cı ildə fəaliyyətə başlayıb. Komitə 24 üzv-ölkədən ibarətdir. Üzvlük müddəti 4 ildir və komitənin tərkibi qitə-regionlar üzrə kvota əsasında seçkilərlə yenilənir.

Azərbaycan Respublikası iki dəfə Hökumətlərarası Komitəyə üzv seçilib və sonuncu üzvlük müddəti 2022-ci ildə başa çatıb.

Hökumətlərarası Komitənin sessiyaları ildə bir dəfə keçirilir. Bununla yanaşı, ayrı-ayrı illərdə əlavə olaraq növbədənkənar sessiyalar da çağırılıb.

Bu il iyulun 1-də keçirilən 5-ci növbədənkənar sessiyada, gündəlikdəki digər məsələlərlə yanaşı, “Ukrayna borşu – mətbəx mədəniyyəti” elementinin “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na daxil edilməsi barədə qərar da qəbul edilmişdi.

 





30.11.2022    çap et  çap et