Sadiqi bəy tipik orta əsrlər macəraçı-sənətkarı imiş. Bir ara gedib tərki-dünya dərvişlərə qoşulub. Sonra “şücaət iddiasına düşüb” döyüşlərdə iştirak edib. Amma paralel olaraq rəssamlığı da atmayıb. Xasiyyəti də belə məlum olur çox kaprizli imiş. Qısası, romanlıq bir həyatı olub, amma onu yazan adam gərək nəinki bütün tarixi-siyasi konteksti və orta əsr rəssamlığını bilsin, özü də gərək ən azı onun qədər həyəcanlı bir həyat yaşamış olsun.
Əsərlərindən görünür ki, həm Hindistan, həm də Avropa rəssamlığından məlumatlı olub. Hətta rəssamlığın metodologiyası ilə bağlı kitab da yazıbmış. Türkcə də kitabları varmış. (Yəqin ki, bizdə çap olunmayıb.) İngilisdilli “Wikipedia” isə Təbrizdə doğulmuş, Əfşar tayfasından olan bu rəssam barədə nəyə görəsə, “ana dili çağatayca idi, amma 2 digər türk dilini də bilirdi” yazır.
Nəsə, oxuyaq görək İsgəndər bəy Münşi Sadiqi bəyi necə təqdim edir.
“Sadiqi bəy Əfşar hərtərəfli inkişafa malik, sözü bütöv adam idi. Təxəllüsü Sadiqi idi. Hələ gənc ikən nəqqaşlığa meyl etmiş, gecə-gündüz əsrin nadir şəxsiyyəti olan Ustad Müzəffər Əlinin xidmətində olub. Ustad onun qabiliyyət və bacarığını müşahidə edib təlim-tərbiyəsi ilə məşğul olmuşdu. Sadiqi bəy şagirdlikdə kamal mərtəbəsinə yetişdi. Lakin, təbiətin qürur və inadı üzündən, habelə nəqqaşlığın bir müddət rəvacda olmaması səbəbindən, həmçinin zəmanənin onun arzularına uyğun dövran etməməsinə görə həmin peşəni tərk etdi, zahirpərəstlik libasını əynindən çıxartdı “qələndərlər zümrəsi” tərkibində səyahətə çıxdı. O vaxtlarda Həmədan hakimi olan Əmir xan Mosullu, Sadiqinin vəziyyətindən xəbər tutub, onu qələndərlik libasından çıxarıb, özünə mülazim etdi. Mosullu onunla yaxşı rəftar edirdi. Türklüyünün və qızılbaşlığının təbiətinə uyğun olaraq Sadiqi şücaət iddiasına düşdü və dövrünün şücaətli adamlarına saymazyana yanaşdı. İskəndər şanlı nəvvabın (Şah I Təhmasib) dövründə Bədr xan və İsgəndər xan Əfşarın mülazimi oldu. Astrabad türkmanlarının mərəkəsi vaxtı o ağılasızmaz igidliklər etdisə də, amma heç vaxt nəqqaşlığından əl çəkmədi. Nəhayət, çox böyük inkişafa nail oldu, bənzərsiz qələmi olan rəssam, tayı-bərabəri olmayan nəqqaş və əvəzsiz tərrah (dizayner) oldu. Sadiqi bəy, özünün iti qələmi ilə minlərlə sənət əsəri yaratdı, qabiliyyət və istedad zirvəri ilə bəzəndi, şairliyə və söz demək məharətinə yiyələndi. Onun yaxşı qəsidə, qəzəl və məsnəviləri mövcuddur.
İsmayıl Mirzənin (Şah II İsmayıl) zamanında kitabxana işçilərindən idi, amma cənnətməkan şahın (Məhəmməd Xudabəndə) dövründə hörmətli kitabdarlıq vəzifəsinə yetişdi, şəfqətə layiq görüldü. Amma olduqca bədməzac, özündən razı və kəmhövsələ adamdı. Xasiyyətinin yaxşı, ya pis olmasından asılı olmayaraq o, həmişə nəfsani qərəzkarlıq edir, öz dostları və həmkarları ilə kefinin necəliyinə görə, həddindən artıq pis davranışa yol verirdi. Onlarsa onun bu xasiyyətinə dözürdülər. Ayağını insaf dairəsindən kənara qoyaraq hər kəslə pis davranmağını ifrat həddə çatdırdı. Buna görə də, büsatdan uzaqlaşdı, ehtiramını itirdi, xidmətdən kənar oldu. Amma, ömrünün sonuna qədər mənsəbi əlindən alınmadı. Sadiqi bəy Əfşar öz kitabdarlıq məvacibini ali divandan alırdı”.