İranın rəsmi mətbuatında yer alan xəbərə görə, “Düşmən ölkələrin milli təhlükəsizlik və maraqlarına zidd hərəkətləri ilə əməkdaşlıq edənlərə qarşı cəzaların gücləndirilməsi” başlıqlı qanun layihəsində “fəsad törətmək” ittihamı da yer alır. “ABŞ kimi ölkələr üçün casusluq”.
İran konstitusiyasının 286-cı maddəsinə əsasən, ictimai asayişi pozmaq, ictimai və ya xüsusi mülkiyyətə böyük ziyan vurmaq, külli miqdarda korrupsiya və fahişəlik kimi cinayətlər “yer üzündə fitnə-fəsad törətmək” kimi müəyyən edilir.
Sentyabrın ortalarında hicab qaydalarına əməl etmədiyi üçün saxlanılan 22 yaşlı kürd qadın Məhsa Əminin ölümü ilə Tehranda başlayan nümayişlərin videoyazıları sosial mediada və beynəlxalq ictimaiyyətdə geniş işıqlandırılır. Bunun qarşısının alınmasını nəzərdə tutan qanun layihəsinə aşağıdakı ifadə daxil edilib:
Düşmən və ya xarici KİV-ə video və ya fotoşəkillər göndərildiyi təqdirdə təqsirləndirilən şəxs ən yüksək cəzaya məhkum ediləcək.
Qanun layihəsinin qəbul edilməsi üçün cinayət hüququ komitəsində və ümumi yığıncaqda səsə qoyulmalı, din xadimlərindən və hüquqşünaslardan ibarət Konstitusiyanın Mühafizə Şurası tərəfindən təsdiq edilməli və daha sonra parlamentə təqdim edilməlidir. Bütün bu prosesin idarə olunmasında İranın dini rəhbəri Əli Xamneyinin mütləq iradəsi var.
Qanun layihəsi ilə bağlı xəbər yayılan gün Qərbi Azərbaycanın Xoy şəhərində Londonda yerləşən “İran İnternational” media orqanında işlədiyi iddia edilən bir şəxsin həbs edildiyi açıqlanıb. Ötən ay İran hökuməti 2017-ci ildə əsası qoyulan media orqanını “terror təşkilatları” siyahısına salıb.
İslami Şura Məclisindəki deputatların əksəriyyətinin imzaladığı və nümayişçilərə “mərhəmət göstərməməyə” çağıran bəyannamə bəzi xəbərlərdə “ölüm çağırışı” kimi şərh edilib. Daha sonra bəzi deputatlar imza atdıqları mətnin yalnız qətl törədən şəxslərlə bağlı olduğunu və onların imzalarının xəbərdarlıq edilmədən istifadə edildiyini əsas gətirdilər.
Norveçdə yerləşən İran İnsan Haqları (IHR) qrupunun məlumatına görə, nümayişlər zamanı 17 min adam saxlanılıb, İran rəsmi mediası isə indiyədək 6 nəfərin edam cəzasına məhkum edildiyini açıqlayıb.