Pentaqon mümkün bir quru əməliyyatının İŞİD-ə qarşı müharibədə əldə edilən qazancı “ciddi” şəkildə təhlükə altına atacağını iddia edib. Pentaqonun mətbuat katibi Briqada generalı Patrik Rayderin açıqlamasında qalmaqalla səbəb olub. Belə ki, Müdafiə Nazirliyi sözçüsü çıxışında “əməliyyat” sözü ilə yanaşı “işğal” və ya “hücum” mənasını da verən “invasion” sözünü işlədib: “Davam edən qarşıdurma, xüsusilə quru hücumu, dünyanın terror təşkilatı İŞİD-ə qarşı sərt mübarizədə əldə etdiyi qazancları ciddi şəkildə təhlükə altına qoyur və bölgədə sabitliyi pozur. Eynilə, Türkiyə sərhədləri daxilində baş verən terror aktları ilə bağlı qanuni təhlükəsizlik narahatlıqlarını da qəbul edirik. Türkiyənin Suriyada potensial quru əməliyyatından narahatıq. Biz yenidən təmkinli olmağa çağırırıq”.
Suriyanın şimalında terrorçulara minlərlə TIR silah-sursat verən ABŞ ordusu illərdir Suriya Demokratik Qüvvələri (SDQ və ya QSD) adı altında YPG terrorçularını qanuniləşdirməyə çalışır.
Pentaqon sözçüsü açıqlamalarında ən diqqət çəkən məqam YPG terrorçularına dəstəklərinin davam edəcəyini və Amerika əsgərlərinin başqa yerə yerləşdirilmədiyini vurğulamaları olub. ABŞ-ın Suriyanın şimalında 900-ə yaxın əsgəri var.
ABŞ və Türkiyə müdafiə nazirlərinin yaxın günlərdə telefon danışığı olacağı gözlənilir. Pentaqon Hulusi Akarın amerikalı həmkarı Lloyd Austin ilə danışacağını açıqlayıb.
Ağ Evin Milli Təhlükəsizlik Müşavirinin sözçüsü Con Kirbi isə Suriya daxilində daha çox insan itkisinə səbəb olacaq və amerikalıların həyatını riskə atacaq hərəkətləri görmək istəmədiklərini bildirib.
Noyabrın 19-dan Türkiyə Suriyanın şimalında quru əməliyyatına başlayacağına dair güclü siqnallar verir.