Ukraynaya on milyardlarla dollarlıq silah dəstəyi verən NATO və alyansa rəhbərlik edən ABŞ yaydan başlayaraq işğalın gedişatını dəyişdi. Rus ordusunun irəliləməsi dayandırıldı, Ukrayna qoşunları Xarkov və Xerson kimi mühüm şəhərləri işğaldan azad etdilər.
Rusiya lideri Putin Ukraynanın mühüm infrastruktur obyektlərinə raketlər yağdırmaqla cəbhə xəttindəki məğlubiyyəti ört-basdır etməyə çalışır. İrandan alınan kamikadze dronların da istifadə edildiyi hücumlar son iki ayda milyonlarla ukraynalını işıqsız, susuz və istiliksiz qoyub. İlk qarı görən Ukraynanı ölümcül qış gözləyir.
NATO-ya üzv ölkələrin xarici işlər nazirləri Rumıniyanın paytaxtı Buxarestdəki sammitdə Ukraynaya veriləcək qış dəstəyini müzakirə ediblər. Baş katib Yens Stoltenberq bildirib ki, Moskva qış mövsümündən müharibə silahı kimi istifadə edir.
Alyans Ukraynanı daha çox silahla təmin etməyi və Rusiyanın hücumları nəticəsində ciddi şəkildə zədələnən enerji infrastrukturunu təmir etməyi öhdəsinə götürüb. Ukraynaya əlavə maliyyə yardımı ilə yanacaq və elektrik generatorları maliyyələşdiriləcək. Cenevrə Konvensiyasına görə, mülki şəxslərə və onların sağ qalması üçün həyati əhəmiyyət kəsb edən infrastruktura hücumlar müharibə cinayəti kimi şərh edilə bilər.
Ukraynanın xarici işlər naziri Dimitri Kuleba ilə birgə mətbuat konfransı keçirən Stoltenberq, “Biz Putinin Ukraynada qalib gəlməməsinin çox vacib olduğunun fərqindəyik. “Bu, Ukrayna üçün faciə olardı və dünya daha təhlükəli və təhdid edilən yerə çevrilərdi. Kuleba isə NATO-nun yüksək rütbəli rəsmiləri ilə son görüşündə dediyi üç sözün “silahlar, silahlar, silahlar” olduğunu bildirib: “Bu gün mənim daha üç sözüm var, daha sürətli, daha sürətli və daha sürətli. Biz edilənlərə görə minnətdarıq, lakin müharibə hələ də davam edir. Silahlar və onların istehsalı ilə bağlı qərarlar daha tez qəbul edilməlidir”.
Estoniyanın xarici işlər naziri Urmas Rainsalu təklif edib ki, alyans Ukraynanı Rusiya torpaqlarını vura bilən raketlərlə təmin etməlidir. Rainsalu, “Kömək etməyin ən məntiqli yolu bu raketlərin atıldığı yerləri vura bilməsidir. Bütün variantlar masadadır. Qırmızı xətlər olmamalıdır, heç bir məhdudiyyət qoymamalıyıq”, – o deyib.
NATO nüvə silahına malik Rusiya ilə böyük münaqişəyə səbəb ola biləcəyindən ehtiyat edərək, Ukraynaya daha uzun mənzilli raketlər çatdırmaqdan dəfələrlə imtina edib.
Alyans həmçinin Rusiyanın təhlükəsi qarşısında Gürcüstan, Bosniya və Herseqovina və Ukraynanın qonşusu Moldovaya əlavə yardım göstərəcəyini açıqlayıb.
***
Sammitin ikinci günündə NATO-nun gündəmində Rusiya ilə yanaşı Çin də var. Alyansın xarici işlər nazirləri Çinin Tayvana qarşı təhdidlərini müzakirə edəcəklər.
Britaniyanın “The Financial Times” qəzeti alyansın sentyabr ayında keçirilən sammitdə ilk dəfə Tayvanı müzakirə etdiyini xatırladaraq, NATO-nun istənilən hərbi əməliyyatın nəticələri barədə Pekin administrasiyasını necə məlumatlandıracağını müzakirə etdiyini yazıb.
NATO, yarandığı gündən bəri ilk dəfə olaraq keçən iyundakı tarixi sammitində Çini də təhdidlər siyahısına saldı.